Köhnə Yeni il hər il yanvarın 13-dən 14-nə keçən gecə qeyd olunur. Ritorika.az xəbər verir ki, bu ənənənin formalaşması tarixdə xronologiyanın dəyişməsi, daha dəqiq desək, Yuli (Yulian) və Qriqori (Qriqorian) təqvimləri arasındakı fərqlə bağlıdır.
İki təqvim sistemi arasında yaranan 13 günlük fərq nəticəsində Yuli təqviminə əsasən Yeni il Qriqori təqvimi ilə yanvarın 13–14-nə təsadüf edir. Məhz bu səbəbdən “Köhnə Yeni il” anlayışı meydana çıxıb.
Hələ XVIII əsrdə Avropa ölkələrinin əksəriyyəti təqvimdən bir neçə günü çıxararaq daha dəqiq hesab edilən Qriqori təqviminə keçmişdi. Bu təqvim XVI əsrdə kainatın quruluşu ilə bağlı dövrün ən son elmi bilikləri əsasında hazırlanmışdı. XX əsrin əvvəllərində isə Rusiya İmperiyasında istifadə edilən Yuli təqvimi Avropadan 13 gün geri qalırdı. Bu fərqi aradan qaldırmaq məqsədilə 1918-ci ildə Xalq Komissarları Sovetinin qərarı ilə Qriqori təqviminə “yeni üsluba” keçid edildi.
Bununla belə, köhnə üslub tamamilə aradan qalxmadı. Pravoslav kilsəsi Yuli təqvimindən istifadəni davam etdirdi və nəticədə yanvarın 13-də Köhnə Yeni ilin qeyd olunması ənənəsi formalaşdı.
Bu adət keçmiş sovet respublikalarının əksəriyyətində bu günə qədər qorunub saxlanılıb. Köhnə Yeni il klassik Yeni il qədər geniş miqyasda qeyd olunmasa da, bir çox ölkədə hələ də unudulmur.
Ənənə Yuqoslaviyanın tərkibində olmuş ölkələrdə xüsusilə Serbiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda yaşadılır. Serb Pravoslav Kilsəsi Köhnə Yeni ilin qeyd olunmasını fəal şəkildə dəstəkləyir. Bayram tədbirləri əsasən Belqradda yerləşən Müqəddəs Sava kilsəsində keçirilir. Şimali Makedoniyada isə bu tarix geniş ictimai iştirakla qeyd olunur.
Köhnə Yeni ilin analoqları Avropanın digər bölgələrində də mövcuddur. Məsələn, Uelsdə keçirilən Hen Qalan festivalı Yuli təqviminə görə Yeni ilin başlanğıcını simvolizə edir və Qvon vadisində təşkil olunur. İsveçrədə isə bu gün “köhnə Müqəddəs Silvestr günü” kimi tanınır. Maraqlıdır ki, Köhnə Yeni il ənənəsi Şimali Afrikanın bəzi bölgələrində də qeyd olunur.
Ritorika.az
