Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisası üzrə III kurs tələbəsi Elturan Əliyev BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsilinin son ilini Cənubi Koreyada davam etdirəcək. Heydər Əliyev adına Liseyin məzunu olan Elturan Əliyev 631 balla BMU-İNHA ikili diplom proqramına qəbul olub. Texnologiya yarışlarında, hakatonlarda və beynəlxalq layihələrdə fəal iştirak edən tələbə bir sıra nailiyyətlər qazanıb. O, “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda I yerə, “Robotex Türkiyə Avrasiya Çempionatı”nda I yerə, “International Collegiate Programming Contest” – Beynəlxalq Tələbə Proqramlaşdırma Yarışının respublika mərhələsində III yerə layiq görülüb. İtaliyanın Venetiko şəhərində keçirilən “EVoice Youth Exchange” gənclər mübadiləsi layihəsində Azərbaycanı təmsil edib və Avropa Komissiyasının sertifikatı ilə təltif olunub.
Tələbənin iştirak etdiyi layihələr arasında komanda yoldaşları ilə birgə hazırladığı “Zəngəzur PUA” layihəsi xüsusi yer tutur. Elturan Əliyev AZƏRTAC-a müsahibəsində ikili diplom proqramını seçmə səbəbləri, Koreyada təhsillə bağlı gözləntiləri və planları barədə danışıb.
– BMU-İNHA ikili diplom proqramına qoşulmağa qərar verərkən hansı amillər sizin üçün həlledici oldu?
– Əsas amillərdən biri informasiya texnologiyaları sahəsində keyfiyyətli təhsil almaqla yanaşı, beynəlxalq təcrübə qazanmaq imkanı idi. Hələ məktəb illərindən texnologiya sahəsinə böyük marağım olub və gələcək karyeramı da məhz bu istiqamətdə qurmağı qarşıma məqsəd qoymuşam. BMU-İNHA proqramı tələbələrə həm Azərbaycanda, həm də xaricdə təhsil almaq şansı yaradır. Texnologiya sahəsində dünyanın aparıcı ölkələrindən biri olan Cənubi Koreyada təhsil almaq perspektivi mənim üçün xüsusi motivasiya mənbəyi olub.
– Proqrama qəbul və hazırlıq mərhələsi sizin üçün necə keçdi?
– Proqrama qəbul prosesi həm maraqlı, həm də məsuliyyətli mərhələ oldu. Hazırlıq zamanı BMU-İNHA proqramının rəsmi internet səhifəsində paylaşılmış əvvəlki illərin qəbul imtahanı suallarını ətraflı araşdırdım. Bu, imtahanın məntiqini və qiymətləndirmə meyarlarını daha yaxşı anlamağa kömək etdi. Hazırlıq prosesində yalnız tapşırıqları həll etməklə kifayətlənmədim, bilmədiyim mövzular üzərində ayrıca işlədim və sistemli hazırlıq planı qurdum.
– Koreya Respublikasında təhsil almaq və ölkənin inkişaf etmiş texnologiya mühiti ilə yaxından tanış olmaq barədə gözləntiləriniz nədən ibarətdir?
– Koreya Respublikası bu gün texnologiya, innovasiya və rəqəmsal inkişaf sahəsində dünyanın lider ölkələrindən biridir. Robototexnika və proqramlaşdırma ilə məşğul olan biri kimi bu ölkənin texnoloji ekosistemi mənim üçün hər zaman böyük maraq doğurub. Birinci kursda Koreyaya səfərimiz zamanı İNHA Universitetinin laboratoriyalarını görmək imkanım olmuşdu. Orada istifadə olunan avadanlıq, aparılan tədqiqatlar və tələbələr üçün yaradılan imkanlar məndə çox böyük təəssürat yaratdı. Həmin vaxtdan etibarən bu mühitdə çalışmaq və özümü inkişaf etdirmək istəyim daha da artdı. Koreyada təhsil aldığım müddətdə yalnız akademik biliklər əldə etməyi deyil, həm də müxtəlif layihələrdə iştirak etməyi, texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırıram. Xüsusilə Azərbaycanda əldə olunması çətin olan elektron komponentlər və müasir texnologiyalarla işləmək mənim üçün çox dəyərli təcrübə olacaq.
– Koreyada təhsil aldığınız müddətdə həm Bakı Mühəndislik Universitetini, həm də Azərbaycanı təmsil edəcəyinizi nəzərə alaraq üzərinizdə hansı məsuliyyəti hiss edirsiniz?
– İndiyədək müxtəlif beynəlxalq layihələrdə, yarışlarda və gənclər proqramlarında iştirak edərək Azərbaycanı təmsil etmişəm. Buna görə də ölkəmi xaricdə təmsil etməyin nə qədər böyük məsuliyyət olduğunu yaxşı bilirəm.
Biz yalnız akademik nailiyyətlərimizlə deyil, davranışımız, mədəniyyətimiz və dəyərlərimizlə də ölkəmizi təmsil edirik. Koreyada olduğum müddətdə texnologiya yarışlarında, hakatonlarda və müxtəlif innovasiya layihələrində iştirak etməyi planlaşdırıram. Bununla yanaşı, musiqi qrupumuzla Azərbaycanın milli musiqisini tanıtmaq məqsədilə müxtəlif tədbirlər və kiçik konsertlər təşkil etmək niyyətindəyik. Fikrimcə, bu, ölkəmizin zəngin mədəni irsinin təbliğinə kiçik töhfəmiz olar.
– İNHA Universitetində əldə edəcəyiniz bilik və beynəlxalq təcrübəni gələcəkdə Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi düşünürsünüz?
– Son illərdə Azərbaycanda texnologiya sahəsində mühüm inkişaf müşahidə olunur və düşünürəm ki, bu proses qarşıdakı illərdə daha da sürətlənəcək. Mən də bu inkişafın bir hissəsi olmaq istəyirəm.
Universitetdə komandamızla birlikdə hazırladığımız “Zəngəzur PUA” layihəsi mənə göstərdi ki, ölkəmizdə innovativ texnologiyalar yaratmaq üçün böyük potensial mövcuddur. Koreyada əldə edəcəyim bilikləri və təcrübəni məhz belə layihələrin inkişafına yönəltmək niyyətindəyəm. Məqsədim robototexnika və informasiya texnologiyaları sahəsində çalışan beynəlxalq mütəxəssislərlə əməkdaşlıq qurmaq, ölkəmizdə hələ geniş tətbiq olunmayan texnologiyaların Azərbaycana gətirilməsinə töhfə verməkdir.
Eyni zamanda, BMU-da iki il ərzində “Boostcamp” proqramında könüllü robototexnika mentoru kimi fəaliyyət göstərmişəm. Gənclərlə işləmək və bilik paylaşmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Koreyada əldə edəcəyim yeni təcrübədən sonra bu fəaliyyəti daha geniş miqyasda davam etdirmək, gələcəyin mühəndislərinə dəstək vermək istəyirəm.
