Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ukraynalı həmkarı Andriy Sybiha ilə Qara dənizdə hind dənizçilərinin təhlükəsizliyi və Ukraynadakı münaqişəni müzakirə edib. Hindistanın xarici işlər naziri söhbətin təfərrüatlarını X-də yazıb.
Nazir yazıb ki, “Qara dənizdə ticarət gəmilərinə və hind dənizçilərinə hücumları müzakirə etdik”. Nazir bu cür hücumların “tamamilə qəbuledilməz olduğunu və Hindistanın onları birmənalı şəkildə pislədiyini” vurğulayıb.
“Ukraynadakı münaqişə və sülh danışıqları ilə bağlı son inkişaflar barədə məlumat aldım. Hindistan ardıcıl olaraq iştirak edən tərəflər arasında dialoqu və diplomatiyanı dəstəkləyir”, – deyə Cayşankar əlavə edib.
Hindistanın xarici işlər naziri həmçinin “dünyanın müxtəlif bölgələrində baş verən çoxsaylı münaqişələr fonunda mövcud beynəlxalq vəziyyətin kövrəkliyini” qeyd edib. O, “Bunlar, xüsusən də qlobal cənub ölkələri üçün yanacaq və gübrə təchizatının təhlükəsizliyinə, eləcə də ərzaq təhlükəsizliyinə təsir göstərir” deyə qeyd edib. (Tass)
