Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin müavini Şahin Əliyev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Maltada “Avropada doğum səviyyəsinin azalması: sosial təminat sahəsində çağırışlar və cavab tədbirləri” mövzusunda keçirilən beynəlxalq seminarında iştirak edib.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki seminarda doğum səviyyəsinin azalmasının sosial təminat sistemlərinə təsiri, valideyn məzuniyyəti siyasətləri, ailələrin dəstəklənməsi üçün maliyyə təşviqləri, sosial təminatın qayğı və erkən uşaqlıq təhsilində rolu, gənclərin sosial-iqtisadi sabitliyi, eləcə də uzunmüddətli və əlaqələndirilmiş siyasət yanaşmaları müzakirə olunub.
Avropa dövlətlərinin 40-dan çox sosial təminat qurumundan 200-dən artıq iştirakçının qatıldığı tədbirin “Maliyyə tədbirləri diqqət mərkəzində: valideynlər üçün maliyyə təşviqləri və dəstək” mövzusunda sessiyalarından birinin moderatoru DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli olub.
Həmçinin DSMF nümayəndə heyəti ilə Malta, İslandiya, İtaliya, Qazaxıstan və BSTA-nın rəhbər şəxsləri arasında görüşlər keçirilib. Görüşlərdə sosial təminat sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcək qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə olunub.
