Qərbi Azərbaycandakı, o cümlədən İrəvandakı mədəni irsimizə aid əşyaların qorunması, onların eksponat kimi dövlət tərəfindən qəbul edilməsi və rəsmiləşdirilməsi gələcək nəsillər üçün olduqca vacibdir.
AZƏRTAC xəbər verir ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu fikri
İrəvan şəhər icmasının üzvləri ilə görüşdə bildirib.
O deyib ki, 1988-ci ildə baş vermiş sonuncu deportasiya zamanı İrəvandan çıxan şəxslərin və ailələrin tam siyahısının tərtib olunması prosesi yekunlaşmaq üzrədir. “Bu siyahıların tamamlanaraq arxivə təhvil verilməsi bəzi beynəlxalq məhkəmələrə çıxmaq üçün son dərəcə zəruridir. İrəvandan çıxmış və sonuncu deportasiyaya məruz qalmış ailələri tanıyanlardan xahiş edirəm ki, bu siyahının tam olmasına kömək etsinlər. Ümumilikdə İrəvan şəhərindən çıxan ailələrin sayı 200-ə yaxındır. Çünki digər yerlərdən kütləvi köçlər olsa da, İrəvan şəhərində son dövrlərdə o qədər də çox azərbaycanlı qalmamışdı”,- deyə o vurğulayıb.
