Fransa Daxili İşlər Nazirliyinin dərc etdiyi yenilənmiş statistikaya görə, Yeni il gecəsi Fransada yandırılan avtomobillərin sayı 1000-dən çox olub.
“Keçən illə müqayisədə yanğın nəticəsində zərər çəkən nəqliyyat vasitələrinin sayında (həm birbaşa yandırma, həm də yanğının yayılması səbəbindən) artım qeydə almışıq: 1173 nəqliyyat vasitəsi yanıb, ötən il isə bu rəqəm 984 olub”, – deyə kommünikedə bildirilir. Bu arada, günün birinci yarısında BFMTV hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib ki, gecə ərzində 813 nəqliyyat vasitəsi yandırılıb.
Yeni il gecəsi polis əməkdaşlarına bir neçə dəfə xuliqan hücumu edilib. Hadisələrin əksəriyyəti ölkənin şimalında və şərqində baş verib, ən ciddi toqquşmalar isə Strasburqda qeydə alınıb. Buna baxmayaraq, Daxili İşlər Nazirliyi hesab edir ki, bu hadisələr ötən illə müqayisədə daha az ciddi olub.
Ümumilikdə, Yeni il gecəsi polis və jandarmlar 505 nəfəri saxlayıb, onlardan 403-ü nəzarətə götürülüb. Parisdə isə 125 nəfər saxlanılıb, onlardan 75-i əsasən zorakılıq və vandalizm ittihamı ilə həbs edilib. Paris Polis Prefekturası paytaxtda bir gecə ərzində bir dənə də olsun avtomobilin yandırılmadığını vurğulayıb. Şəhər infrastrukturuna qarşı heç bir yanğın hadisəsi qeydə alınmayıb.
