Şəmkir rayonunda “Gənclər arasında dini maarifçilik: Ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, eləcə də Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy rayonlarından olan din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransda Dövlət Himni səsləndirilib, ardından “Azərbaycan – sülh və harmoniya məkanı” adlı videoçarx nümayiş etdirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, sağlam dünyagörüşünə malik vətəndaş kimi formalaşdırılmasıdır. Bu baxımdan, ənənəvi dini-mənəvi dəyərlərin qorunması ilə rəqəmsal texnologiyaların imkanlarının uzlaşdırılması milli təhlükəsizliyin və cəmiyyətin dayanıqlı inkişafının əsas şərtidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, milli-mənəvi dəyərlərimiz müasir cəmiyyətimizin sabitliyini təmin edən, gənclərdə sağlam dini düşüncə formalaşdıran əsas amildir: “Tarixi yaddaşını, milli kimliyini və mənəvi köklərini yaxşı tanıyan gənci yad ideyaların təsiri altına salmaq daha çətindir. Xalqının irsini mənimsəmiş gənc qarşısına çıxan məlumatı öz dəyərləri, biliyi və vətəndaş məsuliyyəti əsasında qiymətləndirə bilir. Bu baxımdan, dini maarifləndirmənin məqsədi gənclərin milli kimliyə, dövlətçilik ənənələrinə, tarixi yaddaşa və Vətənə bağlılığını daha da möhkəmləndirməkdir. Rəqəmsal platformaların gənclərin dünyagörüşünün formalaşmasında rolunun güclənməsi onların arasında dini savadlılığın artırılması istiqamətində müasir informasiya vasitələrindən fəal istifadəni zəruri edir. Bu baxımdan, gənclər arasında milli-mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin təbliği, o cümlədən zərərli ideoloji təsirlərə qarşı maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Şəmkir rayonunda təşkil edilən “Gənclər arasında dini maarifçilik: Ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda regional konfrans da görülən işlərin davamıdır”.
Konfrans işini “Dini maarifləndirmə işində müasir yanaşmalar və prioritetlər” və “Gənclər, sosial media və milli-mənəvi dəyərlər” mövzuları üzrə panel müzakirələrlə davam etdirib.
