Azərbaycan nəqliyyat dəhlizlərinin inteqrasiyasını özünün nəqliyyat strategiyasının əsası kimi görür. Bakı hesab edir ki, “Şimal-Cənub”, “Şərq-Qərb” və Zəngəzur dəhlizləri marşrutları bir-biri ilə rəqabət aparmaq əvəzinə, bir-birini tamamlamalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Gülşən Paşayeva Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində keçirilən “3+3 platforması: Ümumi çağırışlar və strateji tərəfdaşlıq” adlı sessiyada çıxışı zamanı bildirib.
Deputatın sözlərinə görə, “3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri ilə qonşu dövlətlər arasında bərabərlik, bütün iştirakçıların maraqlarına hörmət və regional məsuliyyət prinsipinə əsaslanan dialoq məkanına çevrilməlidir.
G. Paşayeva qeyd edib: “Bu prosesdə etimad üçün ən möhkəm təməl bütün ölkələrə xidmət edən və fayda verən konkret infrastrukturdur”.
O vurğulayıb ki, Azərbaycan beş əsas sahəni – dəmir yolları, avtomobil yolları, dəniz donanması, limanlar və aviasiyanı əhatə edən nəqliyyat potensialını ardıcıl olaraq inkişaf etdirir və bu potensial tədricən vahid rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunur.
Əsas nəqliyyat marşrutlarından danışan Milli Məclisin deputatı multimodal Orta Dəhlizi (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu), “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini və regional kommunikasiyaların açılması prosesini vurğulayıb.
O, həmçinin regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın əsas hissəsini Naxçıvanla və daha sonra Türkiyə ilə birləşdirmək üçün nəzərdə tutulan Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd edib.
“Nəqliyyat infrastrukturu iqtisadi artım mənbəyi və regional əməkdaşlıq vasitəsidir. Bu yanaşma Cənubi Qafqazın əməkdaşlıq, davamlı əlaqələr və iqtisadi inkişaf məkanına çevrilməsinə kömək edə bilər. Bu, “3+3” platformasının praktik dəyəridir”, – deyə Gülşən Paşayeva sözlərini yekunlaşdırıb.
