Azərbaycan milli mətbuatının 151 illik tarixi təkcə peşəkar jurnalistikanın inkişaf yolu deyil, həm də xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatını əks etdirən zəngin yazılı yaddaşdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu söyləyib.
Deputat bildirib ki, mətbuat sadəcə informasiya ötürməyib, eyni zamanda, 151 illik tariximizin ictimai münasibətlərini, siyasi proseslərini, mədəni inkişaf mərhələlərini, sosial münasibətlər sistemimizi, düşüncə tərzimizi, yaradıcılığımızı qeydə alaraq onu müxtəlif janrlarda və məzmunlarda tariximizə, milli yaddaşımıza köçürüb. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat sonradan xalqın milli düşüncəsinin formalaşmasında mühüm platformaya çevrilib.
“Biz 151 illik milli mətbuat tariximizi müxtəlif mərhələlərə bölə bilərik. Müxtəlif keyfiyyət və texniki inkişaf mərhələləri olub. Amma bütün bunlarla yanaşı, dəyişməyən bir məqsəd var. O da xalqımızın mənafeyini müdafiə etmək, onu maarifləndirmək, dünyada və ölkəmizdə baş verən hadisələr barədə məlumat əldə edib bunları daha geniş auditoriyaya çatdırmaq missiyasıdır. Məhz bu dəyişməyən xətt milli mətbuatımızın əsas qayəsini təşkil edib”, – deyə Hikmət Babaoğlu vurğulayıb.
Deputat qeyd edib ki, hazırda Azərbaycan milli mətbuatı tamamilə yeni tarixi mərhələdə fəaliyyət göstərir və klassik media anlayışı artıq yeni məzmun qazanıb. Əgər əvvəllər mətbuat dedikdə əldə edilən informasiyanın emal olunaraq müəyyən məzmunda ictimaiyyətə təqdim edilməsi başa düşülürdüsə, bu gün informasiyanın özünün sonsuz imkanlara malik olduğunu görürük. Ona görə də mətbuat hər zamankından daha əhəmiyyətli vasitəyə çevrilib. Bunun nəticəsində informasiya ilə bağlı yeni anlayışlar da formalaşıb. “İnformasiya vətənimiz”, “virtual informasiya məkanı”, “informasiya təhlükəsizliyi” kimi anlayışlar artıq strateji terminlərə çevrilib. Bütün bunlar mətbuatın inkişafı nəticəsində meydana çıxan və xalqımızın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan yeniliklərdir”, – deyə Hikmət Babaoğlu bildirib.
O hesab edir ki, müasir dövrdə obyektiv informasiyanın özü belə manipulyasiya elementləri ilə müşayiət oluna bilər. Bu gün obyektiv informasiyanın özünü tapmaq ayrıca hadisəyə çevrilib. İnformasiyaların əksəriyyəti manipulyativ məqsədlərlə yüklənir. Belə şəraitdə jurnalistdən daha dərin intellektual hazırlıq tələb olunur. O, informasiyanın içində gizlədilmiş subliminal mesajı, manipulyasiya cəhdlərini müəyyən etməyi bacarmalı, yalnız bundan sonra həmin informasiyanın cəmiyyətə çatdırılmasının məqsədini düzgün qiymətləndirməlidir.
“Sosial şəbəkələr və digər rəqəmsal platformalar klassik media anlayışından fərqlənsə də, ictimai rəyə ciddi təsir göstərirlər. Bu gün sosial şəbəkələr və müxtəlif informasiya platformaları qanunvericilik baxımından klassik media subyekti hesab olunmaya bilər. Amma onlar mövcuddurlar və insanların düşüncəsinə, şüuruna ciddi təsir göstərirlər. Yeni jurnalistikanın əsas vəzifələrindən biri də hansı informasiyanın, hansı kontentin nəyə xidmət etdiyini düzgün müəyyənləşdirmək, bunu təhlil edərək geniş ictimaiyyətə izah etməkdir. Bu səbəbdən müasir jurnalistikada yeni analitik janrlar yaranır və onların əhəmiyyəti getdikcə artır. Əvvəllər reportaj, oçerk, publisistika kimi janrlar üstünlük təşkil edirdi. Bu gün isə jurnalistikada o qədər yeni analitik istiqamətlər yaranıb ki, bəzilərinə hələ tam ad da vermək olmur. Amma aydın görünür ki, jurnalistika keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyə Əməkdar jurnalist əlavə edib.
