AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Hind-Avropa dillərində leksik innovasiyalar. Oçerklər (2000–2020-ci illər)” adlı yeni elmi nəşri çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitab 2000-2020-ci illər ərzində Hind-Avropa dillərində baş verən leksik innovasiyaların sistemli və kompleks tədqiqinə həsr edilib. Tədqiqatda alman, ingilis, rus, fars və italyan dillərində yeni sözlərin və semantik yeniliklərin yaranma səbəbləri, mexanizmləri və funksional xüsusiyyətləri müasir dilçilik yanaşmaları əsasında araşdırılıb.
Nəşrdə leksik innovasiyalar qloballaşma, elmi-texniki tərəqqi, sosial-siyasi dəyişikliklər və COVID-19 pandemiyası kontekstində təhlil olunur. Eyni zamanda, söz yaradıcılığı modelləri, alınmalar və digər leksik proseslər zəngin faktik material əsasında şərh edilir, müxtəlif dillərin leksik sistemlərində baş verən dəyişikliklər və inkişaf istiqamətləri müəyyənləşdirilir.
Kitabın müəllifləri filologiya üzrə fəlsəfə doktorları – dosent Sədaqət Cumayeva, dosent Günel Orucova, filologiya üzrə fəlsəfə doktoru Sevinc Şükürlü, böyük elmi işçi Bəturə Əliyeva və kiçik elmi işçi Nuray Nurizadədir.
Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundova, rəyçisi isə filologiya elmləri doktoru, professor İlham Tahirovdur.
“Hind-Avropa dillərində leksik innovasiyalar. Oçerklər (2000–2020-ci illər)” kitabı müasir dilçilikdə leksik dəyişmələrin öyrənilməsi, müqayisəli dilçilik və leksikologiya sahəsində çalışan tədqiqatçılar, doktorantlar, magistrantlar və ali təhsil müəssisələrinin müəllimləri üçün dəyərli elmi mənbə hesab olunur.
