Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, Şərqi Asiya regionu üzrə ekspert Vüsal Quliyev deyib.
Yaponiyanın bu istiqamətdə fəaliyyətinin xüsusilə diqqət çəkdiyini qeyd edən ekspert bildirib ki, Tokio uzun illərdir enerji təhlükəsizliyini gücləndirmək məqsədilə Xəzər regionuna maraq göstərir. Bu siyasətin ən konkret nümunələrindən biri Yaponiyanın aparıcı enerji şirkəti olan INPEX-in Azərbaycanın Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqlarında iştirakıdır. Şirkət bu strateji layihədə təxminən 9,31 faiz paya malikdir ki, bu da Yaponiyanın Xəzər neftinə uzunmüddətli bağlılığını nümayiş etdirir. Sözügedən investisiya Tokionun enerji təchizatını coğrafi baxımdan diversifikasiya etmək strategiyasının mühüm tərkib hissəsidir.
AÇG layihəsi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzər regionunun ən iri neft layihələrindən biridir və burada bir sıra beynəlxalq enerji şirkətləri iştirak edir. INPEX-in bu layihədə iştirakı Yaponiyanın regionda iqtisadi və strateji mövqelərini gücləndirməklə yanaşı, Bakı ilə Tokio arasında enerji əməkdaşlığının dərinləşməsinə də xidmət edir. Bu maraq yalnız enerji hasilatı ilə məhdudlaşmır. Təhlükəsiz və səmərəli enerji marşrutlarına tələbat da sürətlə artır. Bu baxımdan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) artıq yalnız ticarət və logistika xətti deyil, həm də strateji enerji daşıyıcısı kimi ön plana çıxır.
Onun sözlərinə görə, Şərqi Asiya ölkələri üçün bu dəhliz enerji təhlükəsizliyinin yeni sütunlarından biri hesab olunur: “Xəzər neftinin bu marşrut vasitəsilə daşınması Yaxın Şərqdəki dar keçidlərdən asılılığı azaltmağa imkan verir və Avrasiya məkanında daha dayanıqlı təchizat şəbəkəsinin formalaşmasına töhfə verir.Cənubi Koreya da bu istiqamətdə aktiv siyasət həyata keçirir. Seul ilə Astana arasında mart ayında imzalanmış sazişlər çərçivəsində təxminən 18 milyon barel neft tədarükü planlaşdırılır. Bu, Seulun alternativ marşrutlar vasitəsilə enerji təhlükəsizliyini gücləndirmək səylərinin bariz nümunəsidir. Həcmin ümumi idxalla müqayisədə nisbətən məhdud olmasına baxmayaraq, bu əməkdaşlıq strateji baxımdan mühüm əhəmiyyət daşıyır və Xəzər hövzəsinin qlobal enerji sisteminə daha sistemli inteqrasiyasını göstərir.
Çin də oxşar yanaşma çərçivəsində “Kəmər və Yol” təşəbbüsü vasitəsilə Orta Dəhlizi dəstəkləyir və Avrasiya boyunca enerji və nəqliyyat infrastrukturuna iri həcmli investisiyalar yatırır. Bu isə Xəzər regionunun həm enerji mənbəyi, həm də tranzit qovşağı kimi rolunu daha da gücləndirir. Azərbaycan bu prosesdə mərkəzi mövqe tutur. Ölkənin zəngin enerji resursları ilə yanaşı, inkişaf etmiş nəqliyyat infrastrukturu Orta Dəhlizin effektiv fəaliyyətində həlledici rol oynayır. Bu amillər Azərbaycanın yalnız enerji ixracatçısı deyil, eyni zamanda Avrasiya enerji logistikasının əsas qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirir.
Şərqi Asiya ölkələrinin Xəzər neftinə artan marağı artıq yalnız resurslara çıxış məsələsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, Orta Dəhliz kimi alternativ marşrutlar vasitəsilə daha dayanıqlı, şaxələndirilmiş, çevik enerji və nəqliyyat arxitekturasının formalaşdırılmasını əhatə edir. Mövcud tendensiyalar göstərir ki, yaxın gələcəkdə Xəzər regionunun qlobal enerji və logistika sistemində rolu daha da artacaq”, – deyə ekspert vurğulayıb.
