İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru dağında ən azı doqquz yeni püskürmə baş verib. Bu barədə Asiya respublikasının Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin açıqlamasında bildirilir.
Mərkəzin məlumatına görə, kül vulkanın zirvəsindən 1100 metr və ya dəniz səviyyəsindən 4776 metr yüksəkliyə çatıb. Ağ və boz rəngli buludlar şərq və şimal-şərq istiqamətlərində intensiv şəkildə yayılıb. Mərkəz yaxınlıqdakı ərazilərin sakinlərinə və turistlərə püskürən isti qayaların təhlükəsi səbəbindən kraterdən 5 kilometr məsafədə qalmağı tövsiyə edib. Həmçinin çay yataqları boyunca lava axınları, isti buludlar və palçıq axınları riski barədə xəbərdarlıq edib.
Semeru İndoneziyada dördüncü ən yüksək vulkandır (dəniz səviyyəsindən 3676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir. (Tass)
