İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talayinik bildirib ki, ABŞ da daxil olmaqla, xarici dövlətlərin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə hər hansı müdaxiləsi vəziyyətin daha da gərginləşməsinə və enerji böhranına səbəb olacaq.
Press TV onun sözlərini sitat gətirib: “Xarici güclərin Hörmüz boğazının təhlükəsizliyinə hər hansı bir hərbi müdaxiləsi böhranın eskalasiyasına və qlobal enerji təhlükəsizliyi məsələsində qeyri-sabitliyə səbəb olacaq” .
Müdafiə Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, İran boğaz üzərində tam nəzarətə malikdir və ABŞ-ın və ya digər ölkələrin heç bir müdaxiləsinə yol verməyəcək.
ABŞ Mərkəzi Komandanlığı daha əvvəl Amerika ordusunun 13 apreldə İrana qarşı dəniz blokadasına başlayacağını açıqlamışdı. Onlar İslam Respublikasındakı limanlara gedən bütün gəmiləri, eləcə də onun sahillərindən çıxmağa çalışan gəmiləri bloklamaq niyyətindədirlər. (Tass)
