İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı ötən ilki səhvi təkrarlamamağa və Vaşinqtonla Tehran arasındakı fikir ayrılıqlarının həllində diplomatiya yolunu seçməyə çağırıb.
“Mesajım budur: iyun ayında etdiyiniz səhvi təkrarlamayın. Uğursuz bir təcrübəni təkrarlamağa çalışsanız, nəticə eyni olacaq. İyun ayında obyektləri və avadanlıqları məhv etdiniz, amma texnologiyanı və qətiyyəti bombalaya bilməzsiniz”, – deyə o, Fox News-a verdiyi müsahibədə bildirib. “İran danışıqlara və diplomatiyaya hazır olduğunu sübut etdi . Diplomatiya ən yaxşı yoldur. ABŞ ilə müsbət təcrübəmiz olmasa da, diplomatiya yenə də müharibədən daha yaxşıdır”.
Əraqçi qeyd edib ki, İran hakimiyyəti 20 ildir danışıqlara hazırdır, lakin ABŞ bu müddət ərzində həmişə “diplomatiyadan yayınmış və müharibəni seçmişdir”. (Tass)
