Hər il işğaldan azad edilmiş ərazilərə heyvandarlıq və arıçılıq təsərrüfatlarının mövsümi köçü həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ildə də “Xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi” xidmətinə dair reqlamentə uyğun olaraq köç prosesi təşkil edilib.
İşğaldan azad olunmuş ərazilərə köçürüləcək təsərrüfatların təhlükəsizliyinin təmin edilməsi, köçürülmə vaxtı, eləcə də istifadəyə və icarəyə veriləcək örüş, otlaq və biçənək sahələrinin yerləşməsi (dislokasiyası) barədə ictimaiyyətə əvvəlcədən məlumat verilib, həmçinin müvafiq maarifləndirmə tədbirləri həyata keçirilib. Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təlimlər təşkil olunub. Bu məqsədlə ANAMA tərəfindən təlim keçmiş DAİM əməkdaşları tərəfindən fermerlərə təhlükəsizlik qaydaları, riskli ərazilərdə davranış prinsipləri barədə ətraflı məlumat verilib.
Fiziki və hüquqi şəxslərin işğaldan azad edilmiş ərazilərə mövsümi köçü reqlamentə uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaradılmış “Köç” altmodulu vasitəsilə həyata keçirilib. 2026-cı il yaylaq mövsümündə arıçılıq təsərrüfatları Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatları isə Laçın və Kəlbəcər rayonlarının yaylaqlarına köçürülüb.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə 832 fermerə (təsərrüfata) məxsus 249 min 919 baş xırdabuynuzlu, 8516 baş iribuynuzlu heyvanın və 4133 fermerə (təsərrüfata) məxsus 185 min 207 arı ailəsinin müəyyən edilmiş dislokasiya üzrə köçürülməsi həyata keçirilib. Onlardan Kəlbəcər rayonu ərazisinə 582 fermerə (təsərrüfata) məxsus 160 min 7 baş xırdabuynuzlu, 4626 baş iribuynuzlu heyvan, 3396 fermerə (təsərrüfata) məxsus 148 min 308 arı ailəsi, Laçın rayonu ərazisinə 250 fermerə (təsərrüfata) məxsus 89 min 912 baş xırdabuynuzlu, 3890 baş iribuynuzlu heyvan, 495 fermerə (təsərrüfata) məxsus 25 min 116 arı ailəsi köçürülüb.
Eyni zamanda, Qubadlı rayonu ərazisinə 135 fermerə məxsus 6394, Füzuli rayonu ərazisinə 31 fermerə məxsus 1551, Xocavənd rayonu ərazisinə 26 fermerə məxsus 1567, Cəbrayıl rayonu ərazisinə 36 fermerə məxsus 1554 və Zəngilan rayonu ərazisinə 14 fermerə məxsus 717 arı ailəsi köçürülüb.
