Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji xarakter daşıyan əməkdaşlıq artıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Son illərdə tərəflər arasında ticarət, nəqliyyat və regional bağlantılar istiqamətində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraq doğuran əsas istiqamətlərdən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev söyləyib.
Deputat bildirib ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və strateji tərəfdaş kimi çıxış edir. Hazırda ölkəmiz Avropa İttifaqına boru kəmərləri vasitəsilə ixrac olunan təbii qazın təxminən 8 faizini, Aİ-nin ümumi təbii qaz idxalının isə 4 faizini təmin edir. Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmağa çalışdığı mövcud geosiyasi şəraitdə bu göstəricilər xüsusi əhəmiyyət kəsb edir.
Rizvan Nəbiyev qeyd edib ki, İtaliyanın təbii qaz tələbatının təxminən 25 faizi, neft idxalının isə 40 faizdən çoxu Azərbaycanın payına düşür. Eyni zamanda Balkan regionu və Şərqi Avropanın bir sıra ölkələrinin qaz tələbatının təxminən 30 faizi Azərbaycan tərəfindən qarşılanır. Bu faktlar ölkəmizin Avropanın enerji təhlükəsizliyində və enerji mənbələrinin şaxələndirilməsi strategiyasında mühüm yer tutduğunu təsdiqləyir.
Deputatın sözlərinə görə, bu əməkdaşlığın əsasını uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi təşkil edir. Hazırda Azərbaycan Avropaya ildə 12,9 milyard kubmetr qaz ixrac edir. 2022-ci ildə imzalanmış Azərbaycan–Aİ Strateji Enerji Tərəfdaşlığına dair Anlaşma Memorandumuna uyğun olaraq, bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
R.Nəbiyev vurğulayıb ki, bu məqsədə nail olmaq üçün mövcud infrastrukturun genişləndirilməsi, kompressor stansiyalarının tikilməsi və yeni investisiyaların cəlb olunması vacibdir. Onun fikrincə, layihələrin maliyyələşdirilməsi ilə yanaşı, siyasi risklərin bölüşdürülməsi məsələsində də Avropa İttifaqının daha fəal mövqe nümayiş etdirməsi zəruridir.
Deputat bildirib ki, Azərbaycanın təsdiqlənmiş 2,6 trilyon kubmetr qaz ehtiyatı uzunmüddətli ixrac öhdəliklərinin etibarlı şəkildə yerinə yetirilməsinə imkan verir. “Şahdəniz” və “Abşeron” yataqlarının növbəti mərhələləri, “Ümid” yatağı və “Azəri-Çıraq-Günəşli” blokunun dərin qaz laylarının işlənilməsi yaxın 3-5 il ərzində hasilatın daha da artırılmasına şərait yaradacaq.
Rizvan Nəbiyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanı artıq yalnız etibarlı enerji təchizatçısı kimi deyil, həm də regionun strateji iqtisadi tərəfdaşı kimi qiymətləndirir. Bu baxımdan 2026-cı il martın 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında tərəflərin siyasi dialoqun və praktiki əməkdaşlığın təhlükəsizlik, enerji, nəqliyyat və digər sahələrdə daha da dərinləşdirilməsinə sadiqliyi xüsusi vurğulanıb.
Deputatın sözlərinə görə, Avropa İttifaqı rəhbərliyi Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu dəfələrlə bəyan edib. Bu, enerji sahəsində formalaşmış uğurlu əməkdaşlıq modelinin iqtisadiyyatın digər istiqamətlərinə də transfer olunduğunu göstərir. Birgə bəyanatda qeyd olunduğu kimi, bu tərəfdaşlıq Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, nəqliyyat əlaqələrinin və davamlı inkişafın təşviqinə xidmət edir.
R.Nəbiyev bildirib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen son birgə mətbuat konfransında Prezident İlham Əliyevin regionda sülh gündəliyinin təşviqindəki rolunu, şəxsi liderliyini yüksək qiymətləndirərək Avropa İttifaqının bu prosesə tam dəstəyini ifadə edib. Onun sözlərinə görə, bu yanaşma Azərbaycan-Aİ münasibətlərinin həm də geosiyasi əhəmiyyət daşıdığını göstərir.
Deputat vurğulayıb ki, Ursula fon der Lyayenin irəli sürdüyü enerji və enerji konnektivliyi üzrə tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü də məhz bu strateji baxışın davamıdır. Belə platforma enerji resurslarının təhlükəsiz daşınması ilə yanaşı, elektrik enerjisi şəbəkələrinin inteqrasiyası, yaşıl enerjinin ixracı, rəqəmsal və nəqliyyat bağlantılarının inkişafı üçün yeni imkanlar yaradacaq.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən yaşıl enerji layihələri, xüsusilə Xəzər dənizinin bərpaolunan enerji potensialının Avropa bazarına çıxarılması istiqamətində görülən işlər bu platformanın əsas praktiki elementlərindən biridir. Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan yaşıl enerji kabeli layihəsi də Azərbaycan ilə Avropa arasında enerji konnektivliyinin mühüm nümunəsi hesab olunur. Azərbaycan 2027-ci ilin sonunadək 4 giqavat, 2032-ci ilədək isə 8 giqavat həcmində yaşıl enerji istehsalını hədəfləyir.
R.Nəbiyev bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və Orta Dəhlizdə artan rolu ölkəni Avropa ilə Mərkəzi Asiya arasında etibarlı logistika və nəqliyyat körpüsünə çevirib. Bu səbəbdən enerji, ticarət, logistika və nəqliyyat sahələrində əməkdaşlığın paralel inkişafı həm Azərbaycanın, həm də Avropa İttifaqının uzunmüddətli strateji maraqlarına cavab verir.
Deputat qeyd edib ki, Ursula fon der Lyayenin açıqladığı “Qlobal Qapı” (Global Gateway) investisiya proqramı da bu məqsədlərə xidmət edir. Proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantılar üzrə layihələrə 200 milyon avroyadək qrant ayrılması, bunun isə dövlət və özəl investisiyalar hesabına ümumilikdə 2 milyard avroya qədər vəsait cəlb etməsi gözlənilir. Layihələr sırasında Naxçıvan istiqamətində dəmir yolu bağlantısı və Bakı Limanının inkişafı da yer alır.
Rizvan Nəbiyev vurğulayıb ki, qarşıdakı dövrdə Azərbaycan-Aİ münasibətlərinin əsas istiqamətlərini enerji təhlükəsizliyi ilə yanaşı, yaşıl enerji, enerji konnektivliyi, ticarətin genişləndirilməsi, nəqliyyat marşrutlarının inkişafı və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi təşkil edəcək. Onun fikrincə, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq və yüksəksəviyyəli siyasi dialoq bu məqsədlərin reallaşdırılması üçün möhkəm zəmin yaradır. Ursula fon der Lyayenin mətbuat konfransında səsləndirdiyi “Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır və daha güclü tərəfdaşlıq naminə birlikdə çalışmağa hazırdır” fikri də bu əməkdaşlığın gələcək perspektivlərini aydın şəkildə ifadə edir.
