Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının uğurla həyata keçirilməsi, rayon və kəndlərimizin mədəni simasını kökündən dəyişdirməklə yanaşı, kənd təsərrüfatının dinamik inkişafına da geniş imkanlar yaradıb. Artıq bölgələrin qaz, su, elektrik enerjisi və yol infrastrukturu ilə bağlı problemləri demək olar ki, tamamilə aradan qaldırılıb. Reallaşdırılan yeni infrastruktur layihələri bilavasitə əhalinin kənd yerlərində məskunlaşıb möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlib. Bu istiqamətdə həyata keçirilən səmərəli tədbirlər aqrar sektorda əldə edilən uğurlu nəticələrdə öz aydın ifadəsini tapmaqdadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı potensialı olduqca yüksəkdir. Müasir texnologiyaların tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi, təbii resurslardan və elmi nailiyyətlərdən düzgün istifadə edilməsi vasitəsilə aqrar sahədə daha yüksək göstəricilərə nail olmaq mümkündür. 2025-ci ildə ölkədə 360 min tondan çox pambıq, 3 milyon 200 min tondan çox dənli və dənli-paxlalı məhsullar istehsal edilib, əvvəlki illərlə müqayisədə daha çox üzüm, heyvandarlıq, meyvə-tərəvəz məhsulları, şəkər çuğunduru və digər kənd təsərrüfatı xammalı tədarük olunub. Bunun paralelində kənd təsərrüfatı məhsullarının ixrac həcmində də əhəmiyyətli artım qeydə alınıb. Hesabat dövründə sahibkarlara 285 milyon manat subsidiya verilmiş, hüquqi və fiziki şəxslərə isə 112 milyon manat həcmində güzəştli kreditlər ayrılıb.
“Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr edilmiş müşavirədəki proqram xarakterli çıxışında aqrar sektorda əldə olunmuş nəticələr, yol verilən nöqsanlar və qarşıda duran vəzifələr geniş təhlil edildi, sahənin aydın yol xəritəsi müəyyənləşdirildi. Ölkə rəhbəri bildirdi ki, son illər kənd təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilməsinə və müəyyən uğurlar qazanılmasına baxmayaraq, bəzi göstəricilər, xüsusilə məhsuldarlığın hələ də arzuolunan səviyyədə olmaması bizi qane edə bilməz. Hər hektardan orta hesabla 3,6 ton pambıq və 3,2 ton taxıl götürülməsi əvvəlki illərlə müqayisədə xeyli çox olsa da, gələcəkdə hektardan minimum 5 ton məhsul götürülməsi mütləq təmin edilməli və fərdi olaraq ərzaqlıq buğda istehsalı artırılmalıdır. Dövlət başçısı, həmçinin çıxışında bir çox mühüm məsələyə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yeni su anbarlarının yaradılmasına, müasir texnikaların alınmasına və strateji layihələrin reallaşdırılmasına aydınlıq gətirdi. Təbii ki, bütün bu infrastruktur tədbirləri bütövlükdə ölkədə kənd təsərrüfatının davamlı inkişafına xidmət edir”, – deyə T.Rzayev əlavə edib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə dair müşavirədəki konseptual çıxışı, yeni regional proqramların reallaşdırılması və qarşıya qoyulan konkret hədəflər aqrar sektora göstərilən dövlət qayğısının növbəti əyani ifadəsidir və bu mühüm sahənin gələcək inkişafına hərtərəfli təkan verəcəkdir. Həmçinin qarşıda duran vəzifələrin uğurla və sistemli şəkildə yerinə yetirilməsi məqsədilə ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” növbəti illərdə kənd təsərrüfatının modernləşdirilməsində və səmərəliliyinin artırılmasında həlledici rol oynayacaq.
