Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafı Azərbaycanda uzun illərdir həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir: “Dövlətimizin başçısı çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, ilk dəfə prezident vəzifəsinə seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regional inkişaf proqramı olub. Həmin proqramın prioritet istiqamətlərindən biri də kənd təsərrüfatının inkişafı, kənd yerlərində məşğulluğun artırılması və regionların iqtisadi potensialının gücləndirilməsi idi. 2004-cü ilin əvvəlində qəbul edilən birinci beşillik proqram bir çox məsələlərin həllinə nail oldu. Məhz buna görə də sonrakı illərdə ardıcıl olaraq yeni regional inkişaf proqramları qəbul edildi və həyata keçirildi. Bu proqramlar çərçivəsində elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin artırılması və kənd təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görüldü. Nəticədə regionlarda iqtisadi fəallıq artdı, minlərlə yeni iş yeri yaradıldı, kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı əhəmiyyətli dərəcədə genişləndi. Prezident İlham Əliyevin bu fikirləri bir daha göstərir ki, Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər təsadüfi deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsidir. Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu siyasət gələcək illərdə də kənd təsərrüfatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün möhkəm zəmin yaradır”.
Deputat bildirib ki, Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının inkişafında dövlət dəstəyi mexanizmlərinin, xüsusilə subsidiyaların mühüm rol oynadığını xüsusi vurğulayıb: “Prezidentin də qeyd etdiyi kimi, bu cür geniş dəstək mexanizmləri bir çox ölkələrdə mövcud deyil və Azərbaycan bu baxımdan qabaqcıl təcrübəyə malik dövlətlər sırasındadır. Bununla yanaşı, fermerlər yalnız maliyyə dəstəyi ilə deyil, həm də metodiki və texniki tövsiyələrlə təmin olunurlar. Müasir aqrotexniki qaydaların tətbiqi, məhsuldar toxum və tinglərdən istifadə, suvarma texnologiyalarının düzgün qurulması kimi məsələlər üzrə verilən məsləhətlər kənd təsərrüfatında səmərəliliyin artırılmasına mühüm töhfə verir. Aqrar xidmətlərin genişləndirilməsi fermerlərin yeni bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır”.
Deputat vurğulayıb ki, kənd təsərrüfatının inkişafının əsas şərtlərindən biri etibarlı su təminatıdır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının və kanalların bərpası gələcəyə hesablanmış dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu layihələr yalnız həmin bölgələrin deyil, ətraf rayonların da su təminatını yaxşılaşdıracaq, kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradacaq. Dövlətimizin başçısının su təhlükəsizliyini milli təhlükəsizliyin mühüm elementi kimi qiymətləndirməsi və bu istiqamətdə ardıcıl addımlar atması Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, aqrar sektorun dayanıqlı inkişafına və regionların sosial-iqtisadi yüksəlişinə xidmət edir. Bu isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və strateji baxışının konkret nəticələrindən biridir.
“Prezident İlham Əliyevin müşavirədə verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi prioritetlər kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Qarşıya qoyulan tapşırıqlar kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını təmin etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi tərəqqisinin sürətlənməsinə və qeyri-neft sektorunun dayanıqlı inkişafına xidmət edəcək”, – deyə S.Salmanova əlavə edib.
