Fransa ilə diplomatik münasibətləri kəsən Qərbi Afrika ölkəsi Burkina Faso hakimiyyəti, Parisə 26 iyundan etibarən Uaqaduqudakı səfirliyini bağlamaq üçün yeddi gün vaxt verib. Bu barədə “Le Monde” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Fransa səfiri Burkina Fasonu 2023-cü ilin yanvar ayında tərk edib və o vaxtdan bəri onun yerinə müvəqqəti işlər vəkili vəzifəsini icra edir. Diplomatik missiyada onunla yanaşı, diplomatlar, inzibati heyət və təhlükəsizlik işçiləri də daxil olmaqla təxminən 20 nəfər çalışırdı. Qəzet qeyd edir ki, bu müddət ərzində onlar “minimal xidmətlər göstərməyə davam ediblər”.
Nəşrin mənbələri iddia edir ki, Burkina Fasonun Fransa ilə diplomatik münasibətləri kəsmək qərarı Avropa Parlamentinin qətnaməsi ilə əlaqələndirilir. AB qanunverici orqanının 18 iyunda qəbul etdiyi qətnamədə “Burkina Fasoda vətəndaş məkanının və fundamental azadlıqların repressiyası” pislənir. Qətnamənin müəllifi, fransız millət vəkili və təqaüddə olan general Kristof Qomart Avropa Parlamentində “Burkina Faso xuntasının dramatik uğursuzluğu”ndan danışıb. 22 iyunda qətnamə ilə bağlı səsvermədən sonra Burkina Faso Xarici İşlər Nazirliyi AB nümayəndəsini Uaqaduquya çağırıb. Afrika ölkəsinin hakimiyyəti qətnaməyə narazılığını və ona qarşı kəskin müxalifətini bildirib. (Tass)
