Oğuz şəhər E.Abdullayev adına texniki təbiət təmayüllü liseydə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun təşəbbüsü ilə həyata keçirilən “Gənc düşüncə” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “STEAM bacarıqlarını kəşf et” mövzusuna həsr olunan təlimin əsas məqsədi yeniyetmə və gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinə marağının artırılması, onların yaradıcı və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müasir texnologiyalar haqqında biliklərinin zənginləşdirilməsidir.
Tədbiri açan Oğuz rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elvin Qarayev “Gənc düşüncə” layihəsinin əhəmiyyəti, gənclərin intellektual inkişafına töhfəsi və layihə çərçivəsində keçirilən silsilə tədbirlər barədə məlumat verib. O, həmçinin tədbirin təlimçisi, STEAM mentoru Əfsanə Quliyevanın bu istiqamətdə qazandığı uğurları və reallaşdırdığı layihələri diqqətə çatdırıb.
Əfsanə Quluyeva iştirakçılarla öz təcrübəsini bölüşərək STEAM təhsil modelinin mahiyyəti, bu istiqamətdə yaradılan imkanlar və gələcəyin peşələrində STEAM bacarıqlarının rolu barədə təqdimatla çıxış edib. Təlimçi müxtəlif layihələr üzərində görülən işləri və əldə olunan nailiyyətləri nümayiş etdirərək gəncləri innovativ düşünməyə, araşdırma aparmağa və yeni ideyalar formalaşdırmağa həvəsləndirib.
Təlimdə iştirakçılara problem həll etmə, tənqidi düşünmə, komanda işi və yaradıcı yanaşmanın əhəmiyyəti izah olunub. Nəzəri biliklər praktik çalışmalarla möhkəmləndirilib, müxtəlif interaktiv tapşırıqlar vasitəsilə gənclərin prosesə fəal cəlb olunması təmin edilib.
Tədbir interaktiv müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb.
