Müasir dövrdə rəqəmsal texnologiyaların və sosial media platformalarının gündəlik həyatımızda geniş yer tutması uşaqların inkişafına birbaşa təsir göstərir. İnternet və rəqəmsal platformalar təhsil, ünsiyyət və informasiya əldə etmək üçün mühüm imkanlar yaratsa da, uşaqların yaşına uyğun olmayan məzmunla qarşılaşması, kibertəzyiq, şəxsi məlumatların təhlükə altına düşməsi, rəqəmsal asılılıq və digər risklər onların fiziki, psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə bilər. Son dövrlərdə dövlət tərəfindən uşaqların hüquqlarının müdafiəsi və rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən yeni yanaşmalar məhz bu risklərin qarşısının alınmasına xidmət edir. Bu prosesdə məktəb və ailənin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Şagirdlərin təhlükəsiz informasiya mühitində böyüməsi, rəqəmsal savadlılığının artırılması və məsuliyyətli internet istifadəçisi kimi formalaşdırılması təhsil müəssisələrinin əsas vəzifələrindən biri hesab olunur. Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını 292 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Humay Xudiyeva cavablandırıb.
– Son illər uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Siz bunu necə qiymətləndirirsiniz?
– İnformasiya texnologiyalarının sürətli inkişafı uşaqların həyat tərzini tamamilə dəyişib. Bu gün şagirdlər dərs materiallarını internet vasitəsilə əldə edir, müxtəlif platformalarda öyrənir, sosial şəbəkələrdə ünsiyyət qururlar. Bununla yanaşı, rəqəmsal mühitdə onları gözləyən risklər artır. Dövlət tərəfindən bu sahəyə xüsusi diqqətin ayrılması təsadüfi deyil. Çünki uşaqların təhlükəsizliyi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin məsuliyyətidir.
Yeni müdafiə mexanizmləri uşaqların zərərli informasiyadan qorunmasına, onların hüquqlarının daha etibarlı təmin edilməsinə, internet platformalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və ictimai maarifləndirmənin artırılmasına xidmət edir. Bu yanaşma gələcək nəslin sağlam formalaşmasına mühüm töhfə verəcək.
– Sosial medianın uşaqların inkişafına təsiri barədə fikirləriniz necədir?
– Sosial medianın həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət cəhətlərinə baxsaq, uşaqlar yeni biliklər əldə edir, xarici dilləri öyrənir, müxtəlif təhsil platformalarından istifadə edir, yaradıcılıq bacarıqlarını inkişaf etdirirlər. Bu imkanlardan düzgün istifadə onların dünyagörüşünün genişlənməsinə kömək edir.
Lakin sosial medianın nəzarətsiz istifadəsi uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Virtual aləmdə uzun müddət vaxt keçirmək, kibertəzyiqə məruz qalmaq, qeyri-dəqiq məlumatlarla qarşılaşmaq, zorakılıq və aqressiya məzmunlu materialları izləmək onların davranışına və emosional vəziyyətinə təsir edir. Buna görə uşaqlara rəqəmsal mühitdən düzgün istifadə etməyi öyrətmək hər birimizin borcudur.
– Məktəblər bu istiqamətdə hansı addımları atmalıdır?
– Məktəbin əsas missiyası yalnız bilik vermək deyil, eyni zamanda, təhlükəsiz və sağlam şəxsiyyət yetişdirməkdir. Təlim-tərbiyə prosesində şagirdlərə internet etikası, informasiya təhlükəsizliyi, kibertəhlükələr, şəxsi məlumatların qorunması və sosial şəbəkələrdə məsuliyyətli davranış qaydaları mütəmadi izah edilməlidir. Müəllimlər bu mövzuları dərslərlə əlaqələndirməli, şagirdlərə real həyatda rast gəlinən nümunələr əsasında təhlükələri izah etməlidirlər. Psixoloqlar və sinif rəhbərləri də bu prosesdə fəal iştirak etməlidirlər.
– 292 nömrəli tam orta məktəbdə bu istiqamətdə hansı işlər görülür?
– Məktəbimizdə şagirdlərin sağlam və təhlükəsiz inkişafı daim diqqət mərkəzindədir. Tədris ili ərzində “Təhlükəsiz internet”, “Rəqəmsal dünyada məsuliyyətli davranış”, “Kibertəzyiqə qarşı mübarizə”, “Sağlam həyat tərzi”, “Psixoloji rifah”, “Uşaq hüquqları” mövzularında maarifləndirici tədbirlər keçirilir.
Məktəbin psixoloqu tərəfindən şagirdlərlə fərdi və qrup görüşləri təşkil olunur, müəllimlər üçün metodiki seminarlar keçirilir, valideyn iclaslarında isə rəqəmsal təhlükəsizlik mövzusu mütəmadi müzakirə edilir. Bununla yanaşı, idman yarışları, intellektual müsabiqələr, kitab müzakirələri, vətənpərvərlik layihələri və sosial aksiyalar vasitəsilə uşaqların asudə vaxtının səmərəli təşkili təmin olunur. Məqsəd şagirdləri yalnız virtual mühitə deyil, real sosial həyata da daha fəal cəlb etməkdir.
– Valideynlərin üzərinə hansı məsuliyyət düşür?
– Valideynlər övladlarının rəqəmsal həyatına biganə qalmamalıdırlar. Onlar uşaqların hansı sosial şəbəkələrdən istifadə etdiyini, kimlərlə ünsiyyət qurduğunu, hansı məzmunu izlədiyini bilməlidirlər. Bunun üçün nəzarətdən daha çox etibarlı ünsiyyət vacibdir. Valideynlər övladlarına internetdən istifadə qaydalarını izah etməli, ekran vaxtını tənzimləməli, yaş məhdudiyyətlərinə əməl olunmasına diqqət yetirməli və şəxsi məlumatların paylaşılmasının təhlükələri barədə onlarla mütəmadi söhbətlər aparmalıdırlar. Ən əsası isə uşaqlar valideynlərinə güvənməli, qarşılaşdıqları hər hansı təhlükə barədə çəkinmədən məlumat verə bilməlidirlər.
– Məktəb və valideyn əməkdaşlığı bu sahədə nə dərəcədə vacibdir?
– Hesab edirəm ki, bu məsələdə uğurun əsas şərti məhz məktəb-valideyn əməkdaşlığıdır. Məktəb təkbaşına bütün risklərin qarşısını ala bilməz. Ailə də eyni məsuliyyəti bölüşməlidir.
Biz valideynlərlə müntəzəm görüşlər keçirir, onları uşaqların psixoloji inkişafı, internet təhlükəsizliyi və sosial media riskləri barədə məlumatlandırırıq. Hər iki tərəf eyni məqsədə xidmət etdikdə uşaqlar daha təhlükəsiz və sağlam mühitdə böyüyürlər.
– Dövlət tərəfindən həyata keçirilən yeni müdafiə mexanizmlərinin gələcək nəticələrini necə görürsünüz?
– Hesab edirəm ki, bu addımlar uşaqların hüquqlarının qorunmasına yeni töhfələr verəcək. Rəqəmsal təhlükəsizlik artıq yalnız texnologiya məsələsi deyil, milli təhlükəsizlik, təhsil və gələcəyimizin formalaşdırılması məsələsidir.
Maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn məsuliyyətinin artırılması, məktəblərdə rəqəmsal savadlılığın gücləndirilməsi və təhlükəsiz internet mədəniyyətinin formalaşdırılması gələcəkdə risklərin azalmasına imkan yaradacaq.
–Valideynlərə və şagirdlərə bu məsələlərlə bağlı nə tövsiyə edərdiniz?
– İstərdim ki, valideynlər övladları ilə daha çox ünsiyyət qursun, onların problemlərini dinləsin və rəqəmsal dünyada tək qoymasınlar. Şagirdlər isə internetdən yalnız düzgün məqsədlərlə istifadə etməyi, şəxsi məlumatlarını qorumağı və hər hansı təhlükə ilə qarşılaşdıqda müəllimlərinə və valideynlərinə müraciət etməyi vərdiş halına gətirsinlər.
Uşaqların sağlam gələcəyi yalnız məktəbin deyil, ailənin, dövlətin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Bu əməkdaşlıq nə qədər güclü olarsa, gələcəyimiz də bir o qədər etibarlı və sağlam olacaq.
