Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə konyak istehsalının mümkün olmadığını bəyan edərək, keyfiyyətsiz məhsulların olmasını ölkənin suverenliyini məhdudlaşdırmaq üçün rıçaq hesab edib.
Ermənistan parlamentində hökumət saatında çıxış edən baş nazir qeyd edib ki, gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə iqtisadiyyat müzakirə olunan mövzulardan biridir. Paşinyan bəyan edib ki, hər iki hökumət iqtisadi sistemlərdə korrupsiya ilə mübarizədə qərarlıdır və iqtisadiyyatın standartlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb, çünki “standartların olmaması problemlər yaradır”.
“Standartlara cavab verməyən məhsullar bizim suverenliyimiz hesabına dövriyyədədir. Yəni, standartlara cavab verməyən məhsulların olması bizim suverenliyimizə təsir vasitəsidir. Doğrudanmı biz müstəqilliyimizlə konyak adlı çay rəngli araq arasında seçim etməyə məcburuq?” deyib. Paşinyan əlavə edib ki, o, hələ 2018-ci ildə məhsulların standartlara uyğunlaşdırılmasının zəruriliyindən danışıb.
Baş nazir onu da qeyd edib ki, səfərləri zamanı beynəlxalq təşkilatların nümayəndələri ona yaxınlaşaraq Ermənistanda müxtəlif malların saxtalaşdırıldığını deyirlər.
“Ermənistanda konyak istehsal etmək mümkün deyil, necə ki, Dilicanda “Jermuk” (mineral su ) istehsal etmək mümkün deyil. Ermənistanda şampan istehsal etmək mümkün deyil. Bizim problemimiz odur ki, biz dünyaya pəncərədən baxırıq və bu pəncərə şəffaflıq məsələsidir”, – Paşinyan yekunlaşdırıb. (Tass)
