CBS xəbər verir ki, ABŞ ordusu prezident Donald Trampa Venesuelaya qarşı potensial əməliyyatlar, o cümlədən yerüstü hədəflərə zərbələr endirmək üçün yenilənmiş planları təqdim edib.
Onun mənbələrinə görə, Ağ Evdə keçirilən görüşdə Pentaqonun katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak edib. Onlar Trampa ABŞ ordusunun “yaxın günlərdə” edə biləcəyi hərəkətlər barədə məlumat veriblər. Bu potensial əməliyyatların təfərrüatları təqdim edilməyib. Nəşr Vaşinqton administrasiyasının məsələ ilə bağlı “heç bir yekun qərar” vermədiyini vurğulayıb.
Ağ Evin mətbuat katibi Caroline Leavitt çərşənbə günü jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ-ın Karib dənizi regionunda narkotik ticarətini dayandırmaq məqsədi daşıyan güc tətbiqini davam etdirmək niyyətində olduğunu bildirib. (Tass)
