Məhkəmə Perunun keçmiş prezidenti Alejandro Toledonu (2001-2006) çirkli pulların yuyulmasında ittiham edərək 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
“Lima məhkəməsi keçmiş prezident Alejandro Toledo Manrikeni Ecoteva işində çirkli pulların yuyulmasına görə 13 il 4 ay həbs cəzasına məhkum etdi”, – ölkənin məhkəmə sisteminin səhifəsində deyilir.
İşlə bağlı təhqiqat 2013-cü ildə “Correo” qəzetinin keçmiş prezidentin “Ecoteva” adlı ofşor şirkətinin olması və onun vasitəsilə pulları yuduğu barədə məlumat yaymasından sonra başlayıb.
Keçən ilin oktyabrında Toledo korrupsiya işi üzrə 20 il yarım müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin fikrincə, Toledo Braziliyanın Odebrecht tikinti korporasiyasına 35 milyon dollar rüşvət müqabilində Braziliya və Perunu birləşdirən magistralın iki hissəsinin tikintisi üzrə müqaviləni udmağa kömək edib.
Toledo 2023-cü ilin aprelində ABŞ səlahiyyətliləri tərəfindən son illərdə yaşadığı Kaliforniyada həbs edilib və vətəninə təhvil verilib. Keçmiş prezidentin həbsinə dair order 2017-ci ildən qüvvədədir. (Tass)
