2026-2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində (BMU) fəaliyyət göstərəcək PKTU-BMU Mühəndislik fakültəsinə ilk dəfə tələbə qəbulu aparılacaq.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, BMU ilə Çinin Pekin Kimya Texnologiyaları Universitetinin (PKTU) birgə təsis etdiyi fakültə abituriyentlərə beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq və ikili diplom proqramında iştirak etmək imkanı yaradacaq.
Fakültədə kompüter elmləri, kimya mühəndisliyi, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə tədris həyata keçiriləcək. Təhsil proqramları beynəlxalq mühəndislik təhsili standartlarına uyğun hazırlanıb. Bu proqramlar tələbələrin müasir elmi biliklərə yiyələnməsinə, peşə kompetensiyalarını inkişaf etdirməsinə və beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək üçün zəruri bacarıqlar əldə etməsinə şərait yaradacaq.
2026-cı il üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi mərhələsində PKTU-BMU Mühəndislik fakültəsində tədris olunan ixtisasları seçərək proqrama qəbul ola bilərlər.
İkili diplom proqramı 3+1 modeli əsasında reallaşdırılacaq. Bu modelə uyğun olaraq, tələbələr təhsilin ilk üç ilini BMU-da, sonuncu ilini isə PKTU-da davam etdirəcəklər. Proqramın tələblərini uğurla yerinə yetirən məzunlara hər iki ali təhsil müəssisəsinin diplomu təqdim olunacaq.
Tədris prosesi BMU və PKTU-nun yüksəkixtisaslı professor-müəllim heyətinin iştirakı ilə təşkil ediləcək. Bu əməkdaşlıq tələbələrə beynəlxalq təcrübədən yararlanmaq, müasir tədris metodları ilə tanış olmaq və müxtəlif akademik yanaşmaları mənimsəmək imkanı qazandıracaq.
Fakültə çərçivəsində tələbələrin beynəlxalq elmi-tədqiqat layihələrinə cəlb olunması, akademik mobillik proqramlarında iştirakı, həmçinin innovasiya və qabaqcıl texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişafı dəstəklənəcək. Bununla yanaşı, elmi-tədqiqat, innovasiya və texnologiya transferi istiqamətlərində universitetlərarası əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Beynəlxalq səviyyədə tanınan mühəndislik təhsili almaq, ikili diplom əldə etmək və qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq istəyən abituriyentlər üçün PKTU-BMU Mühəndislik fakültəsi yeni və perspektivli təhsil imkanları təqdim edir.
