Müasir dünyanın sürətlə dəyişən geosiyasi mənzərəsi qlobal iqtisadi münasibətlər sistemində yeni reallıqlar formalaşdırmaqdadır. Ənənəvi nəqliyyat marşrutlarının müxtəlif risklərə məruz qalması, ticarət zəncirlərində qeyri-müəyyənliyin artması dövlətləri və beynəlxalq şirkətləri daha etibarlı, təhlükəsiz və dayanıqlı alternativlər axtarmağa sövq edir. Bu baxımdan Orta Dəhliz artıq təkcə alternativ deyil, strateji əhəmiyyətə malik əsas logistika arteriyalarından birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova söyləyib.
Onun sözlərinə görə, qlobal geosiyasi təlatümlər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artıb: “Son dövrlərdə Yaxın Şərqdə müşahidə olunan gərginliklər bu reallığı bir daha təsdiqləyir. Xüsusilə ABŞ ilə İran arasındakı hərbi münaqişə Azərbaycan ərazisindən keçən Orta Dəhlizin beynəlxalq əhəmiyyətini daha da aydın şəkildə üzə çıxarıb. Bu amil göstərir ki, geosiyasi risklər artdıqca Orta Dəhliz kimi balanslı və təhlükəsiz marşrutlara tələbat da yüksəlir. Bundan başqa, Orta Dəhlizin üstünlükləri yalnız logistika ilə məhdudlaşmır. Bu layihə region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir, qarşılıqlı etimadı artırır və yeni əməkdaşlıq platformaları yaradır. Orta Dəhliz həm iqtisadi, həm də siyasi baxımdan Avrasiya məkanında sabitliyin və inkişafın mühüm sütunlarından biri kimi çıxış edir. Bütün bu reallıqlar fonunda demək olar ki, Orta Dəhlizin əhəmiyyəti qarşıdakı illərdə daha da artacaq, Çin–Avropa iqtisadi əlaqələrinin əsas sütunlarından birinə çevriləcək”.
Milli Məclisin deputatı bildirib ki, bu strateji layihənin mərkəzində isə Azərbaycan dayanır: “Prezident İlham Əliyevin rəhbərliyi və məqsədyönlü siyasəti nəticəsində ölkəmiz regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Müasir infrastrukturun yaradılması, beynəlxalq standartlara cavab verən nəqliyyat sistemlərinin qurulması və tranzit imkanlarının genişləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Sözsüz ki, bu uğurların təməlində güclü siyasi iradə və strateji baxış dayanır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmiz qlobal nəqliyyat xəritəsində mühüm mövqe qazanıb. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanın məqsədi təkcə tranzit ölkə olmaq deyil, eyni zamanda, beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iri infrastruktur layihələri – müasir dəniz limanlarının, dəmir yolu xətlərinin və avtomobil magistrallarının tikintisi Orta Dəhlizin funksionallığını əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın tranzit potensialını maksimum səviyyədə reallaşdırmaqla yanaşı, regionda iqtisadi dinamikanın güclənməsinə də təkan verir”.
S.Salmanova, həmçinin qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi balanslı və praqmatik xarici siyasət Orta Dəhlizin təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin edən əsas amillərdəndir: “Orta Dəhlizin inkişafı ölkəmizin iqtisadiyyatına da mühüm töhfələr verir. Tranzit yüklərin həcminin artması, yeni investisiya imkanlarının yaranması logistika və qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bu isə ölkəmizin uzunmüddətli dayanıqlı inkişaf strategiyasına tam uyğundur. Beləliklə, dəyişən dünya nizamında Orta Dəhliz yeni iqtisadi arteriya kimi formalaşır və Azərbaycan bu arteriyanın əsas dayaqlarından biri olaraq öz mövqeyini getdikcə daha da gücləndirir. Bu strateji kursun müəllifi olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti isə ölkəmizin qlobal nəqliyyat xəritəsində mövqeyini daha da möhkəmləndirir”.
