Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı deyib.
N.Əmirov bildirib ki, bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir: “Aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir. Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır. Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcək”.
