Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlər ölkənin siyasi tarixində xüsusi mərhələ təşkil edir. Bu səfərlər təkcə dövlətimizin başçısının bölgəyə baxışı deyil, həm də Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi milli inkişaf strategiyasının əsas istiqamətlərini nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən Qələbədən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara ilk səfərləri Azərbaycan cəmiyyətində böyük rəğbət, beynəlxalq ictimaiyyətdə siyasi rezonans yaradırdı. Şuşada Azərbaycan Bayrağının qaldırılması, Cıdır düzündən verilən mesajlar, dağıdılmış şəhər və kəndlərin nümayiş etdirilməsi həm Azərbaycan xalqına, həm də beynəlxalq ictimaiyyətə mühüm mesaj idi: Qarabağ Azərbaycandır və bu reallıq artıq dəyişməzdir!
Dövlətimizin başçısının istər özünün, istərsə də xarici ölkə rəhbərləri ilə birlikdə səfərləri və ya işğaldan azad olunmuş ərazilərdə mədəniyyət tədbirlərinin, beynəlxalq təşkilatların sammitlərinin keçirilməsi Azərbaycanın həmin ərazilərdə tam dövlət idarəçiliyini və suverenliyini təmin etdiyini və həyata keçirdiyini göstərir.
“Hər dəfə həyata keçirilən səfərlər zamanı yaşayış komplekslərinin açılışı, kəndlərin yenidən qurulması, sakinlərlə görüşlər və açar təqdimetmə mərasimləri Böyük Qayıdış proqramının ardıcıl şəkildə icra olunduğunu bildirir. Prezidentin səfərləri çərçivəsində hava limanları, yollar, dəmir yolu xətləri, elektrik yarımstansiyaları, sənaye parkları və sosial obyektlərin təməli atılır və ya açılışı olur. Dini və tarixi abidələrin bərpası və yenidən qurulması Azərbaycan dövlətinin Qarabağın milli-mədəni kimliyinin qorunmasına verdiyi əhəmiyyətdir.
Belə səfərlər daxili və xarici siyasət baxımından mühüm nəticələr formalaşdırır. Bu səfərlər regionda yeni geosiyasi reallığın möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə və postmüharibə dövründə dövlət quruculuğu prosesinin sürətlənməsinə səbəb olur”, – deyə Y.Hacızadə vurğulayıb.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Qarabağ bölgəsinə səfərləri daha çox ölkəmiz və xalqımız üçün əhəmiyyətli tarixi günlərdə baş verir. Bu səfərin də 28 May – Müstəqillik Günündə təşkil edilməsi heç şübhəsiz ki, təsadüf deyildir. Qarabağ son iki əsrdə xalqımızın qarşılaşdığı faciələrin mərkəzi və ən həssas, yaralı yeri olub. Hər iki müstəqillik dövrümüzdə düşmən qüvvələr məhz bu ərazidən suverenliyimizə zərbə vurmaq və bizi asılı vəziyyətdə saxlamaq üçün bir alət kimi istifadə ediblər. Lakin bu gün Azərbaycan xalqı və dövləti, Prezident İlham Əliyevin rəhbərliyi ilə iki yüz illik zülmə və haqsızlığa son qoyaraq tarixi ədaləti bərqərar edib, öz sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib.
Prezidentin son səfəri zamanı da yeni iş yerlərinin açılışı və infrastruktur layihələrinin icrası diqqət mərkəzində idi. Yeni yolların, hava limanlarının, məktəblərin, universitet, sənaye müəssisələri və yaşayış məntəqələrinin qurulması, yerli və beynəlxalq əhəmiyyətli layihələrin aparılması Azərbaycanın bölgə ilə bağlı uzunmüddətli strateji baxışını ortaya qoyur. Ümumilikdə isə Prezident İlham Əliyevin Qarabağa hər səfəri Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin və tarixi ədalətin təntənəsinin simvolu kimi tarixə düşür.
