Qətər hakimiyyəti Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək və onun siyasi təzyiq vasitəsi kimi istifadəsinin qarşısını alacaq istənilən razılaşmanı dəstəkləyir. Bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Qətər Dövləti olaraq, biz boğazın təhlükəsizliyinə zəmanət verən və gələcəkdə siyasi təzyiq alətinə çevrilməməsini təmin edən istənilən qarşılıqlı anlaşma formulunu dəstəkləyirik”, – deyə o, brifinqdə bildirib.
İran rəsmilərinin Hörmüz boğazının statusu ilə bağlı açıqlamalarını şərh edən diplomat vurğulayıb ki, Körfəz Əməkdaşlıq Şurası üzvlərinin mövqeyi müharibədən əvvəlki vəziyyətə qayıtmaq və naviqasiya azadlığını təmin etmək zərurətidir. “Gələcəkdə və hazırkı böhrandan sonra [boğazın] idarəetmə formatı müvafiq regional dövlətlərin məsələsidir; bu, beynəlxalq hüquqa qeyd-şərtsiz hörmət çərçivəsində tam regional konsensusu əks etdirməlidir”, – əl-Ənsari əlavə edib. (Tass)
