Görüşdə DAAB-ın sədri, Almaniyada fəaliyyət göstərən azərbaycanlı riyaziyyatçı alim, professor Məsud Əfəndiyev və birliyin üzvü, İsveçdə yerləşən Qoteborq Universitetinin professoru Səadət Kərimi iştirak ediblər.
Professor Məsud Əfəndiyev “Elmin populyarlaşdırılması” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə elmin cəmiyyətdə rolu, gənc tədqiqatçılar arasında elmi biliklərin təşviqi yolları, eləcə də universitetlərdə elmin təbliği mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, müasir texnologiyaların imkanlarından istifadə etməklə elmi biliklərin daha geniş auditoriyaya çatdırılması məsələləri müzakirə olunub.
Daha sonra professor Səadət Kərimi “Ali təhsil pedaqogikası: müəllim peşəkarlığının nəzəri və praktik əsasları” mövzusunda seminar keçib. Seminarda ali təhsil müəssisələrində tədrisin səmərəliliyinin artırılması, pedaqoji innovasiyaların tətbiqi, eləcə də müəllimlərin müasir tədris metodlarından istifadə imkanları ilə bağlı praktik tövsiyələr təqdim olunub.
Bununla yanaşı, daha əvvəl Qarabağ Universitetinin Pedaqoji fakültəsi ilə birlikdə təşkil olunmuş təşkil olunmuş “Ali təhsil pedaqogikası” mövzusunda onlayn seminarı uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.
Tədbirin sonunda tərəflər əməkdaşlığın gələcək perspektivlərini müzakirə edərək birgə elmi layihələrin, seminar və təlim proqramlarının genişləndirilməsi istiqamətində razılığa gəliblər.
