Bu sözləri AZƏRTAC-a açıqlamasında sosiologiya elmləri üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü
Əfqan Vəliyev söyləyib.
O bildirib ki, 1905–1907-ci illər hadisələri zamanı, eləcə də daha faciəli mərhələ olan 1918–1920-ci illərdə İrəvan xanlığı ərazisində, Qarabağda, Şamaxıda, Qubada və Bakıda dinc əhali ilə yanaşı, Azərbaycan xalqına məxsus dini və tarixi abidələr dağıdılıb. Məscidlərin yandırılması, insanların məscidlərə doldurularaq qətlə yetirilməsi kimi faciəvi faktlar həmin dövrün ağır mənzərəsini göstərir. Eyni dövrdə qəbiristanlıqlar, türbələr, karvansaralar və qədim qəbirüstü abidələr də məhv edilib. 1918–1920-ci illərdə İrəvan xanlığı ərazisində və digər bölgələrdə 300-dən çox məscid yandırılıb. Eyni zamanda, Azərbaycan xalqına məxsus pirlər, ocaqlar, ziyarətgahlar və digər müqəddəs yerlər də dağıdılıb. Bu proses Qarabağ bölgəsində də geniş şəkildə davam etdirilib.
“XX əsrin ortalarında, xüsusilə 1947–1953-cü illər deportasiyası dövründə azərbaycanlıların zorla köçürülməsi fonunda onların yaşayış məntəqələri, evləri və tarixi abidələri də ciddi şəkildə zədələnib və ya məhv edilib. Bir sıra maddi-mədəni irs nümunələri isə müxtəlif muzeylərə daşınaraq mənsubiyyətləri dəyişdirilmiş formada təqdim olunub.
Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində minlərlə tarixi-dini abidə dağıdılıb. Bu abidələr arasında Alban irsinə məxsus abidələr, İslam irsinə aid məscidlər, türbələr, pirlər, ocaqlar, ziyarətgahlar və qəbiristanlıqlar da olub. Məsələn, Ağdamda Pənahəli xanın imarətgahı və türbəsi, Papravənd türbəsi və məscidi, Maşallah məscidi, eləcə də digər tarixi tikililər dağıdılıb. Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın kimi bölgələrdə də bir çox məscidlər, türbələr və karvansaralar məhv edilib. Füzuli şəhəri demək olar ki, tamamilə dağıdılaraq xarabalığa çevrilib.
Bəzi məscidlərin təhqiramiz şəkildə istifadə edildiyi, hətta heyvandarlıq məqsədləri üçün yararsız vəziyyətə salındığı da qeyd olunur. Şuşadakı Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidi, Yuxarı Məscid mədrəsəsi, Füzulidəki Xanlıq məscidi, Məmmədbəyli türbəsi, Qarğabazar karvansarası, Cəbrayıldakı Çələbilər məscidi və Qərb məscidi, Qubadlıdakı Cümə məscidi, Laçındakı Güləbird türbəsi və digər mədəni irs nümunələri ciddi dağıntıya məruz qalıb.
Bütün bu faktlar göstərir ki, Azərbaycan mədəni irsi təkcə keçmiş dövrlərdə deyil, həm də müasir tarixdə ciddi zərərə məruz qalıb”, – deyə Ə.Vəliyev deyib.
O qeyd edib ki, tədqiqatlar nəticəsində Qərbi Azərbaycan ərazisində on minlərlə tarixi abidənin mövcud olduğu müəyyən edilib. Bu abidələr dağıdılıb, ya da mənsubiyyəti dəyişdirilərək başqa adlarla təqdim olunub. Bu kimi faktlar Azərbaycan mədəni irsinə qarşı həyata keçirilmiş sistemli dağıntıların və tarixi izlərin silinməsi cəhdlərinin göstəricisidir.
