Bunu AZƏRTAC-a açıqlamasında araşdırmaçı, tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı deyib.
O bildirib ki, İrəvan xanlığı Azərbaycanda yeganə region idi ki, burada yeddi rəngdə şüşə istehsalı həyata keçirilib. Yeddi fərqli tonda, eyni şəffaflıqda və keyfiyyətdə şüşə əldə etmək üçün dərin kimya, mineralogiya və yüksəkdərəcəli termal mühəndislik bilikləri tələb olunub. Təsadüfi deyil ki, görkəmli tədqiqatçı İvan Şopenin rəsmi hesabat qeydlərində bu şüşə ustaları haqqında xüsusi məlumatlar yer alıb. Bu sənətkarlar sıradan icraçılar deyil, xüsusi elmi biliyə, böyük təcrübəyə və intellektə malik insanlar olub.
İsgəndər Sərdarlı diqqətə çatdırıb ki, Sərdar Sarayının şəbəkə pəncərələri sadə, primitiv həndəsi formaların təkrarı deyil, dünyada mövcud olmuş həndəsi həllərdən daha mürəkkəb riyazi qanunauyğunluqların təzahürü idi. Şəbəkə ustası həm də yüksəkdərəcəli cəbr və həndəsə mütəxəssisi olmalı idi ki, mismarsız, yapışdırıcısız minlərlə xırda taxta və şüşə elementini bir araya gətirib vahid, sarsılmaz bir kompozisiya yaratsın.
“Səyyahların qeydlərinin və akademik etirazların müqayisəli təhlili göstərir ki, İrəvan qalasındakı Xan Sarayı, sadəcə, bir inzibati bina deyil, Azərbaycanın memarlıq və tətbiqi sənətinin ən yüksək zirvəsi olub. Sarayın daxili tərtibatı – xüsusilə yerli sənətkarlar tərəfindən işlənilmiş incə nəbati ornamentlər və XIX əsrdə dahi usta Mirzə Qədim İrəvani tərəfindən bərpa edilmiş monumentallıq, mikro-bədii naxışların makrostruktura necə mükəmməl köçürüldüyünün canlı sübutu idi. XIX əsrin sonu və XX əsrin əvvəllərində İrəvan Xan Sarayının mərhələli şəkildə yer üzündən silinməsi, təkcə unikal bir memarlıq strukturunun itirilməsi deyil, bəşəriyyətin ən nadir hidroakustik, vizual və terapevtik memarlıq komplekslərindən birinin yox edilməsi demək idi. Lakin sənədləşdirilmiş dəqiq elmi təsvirlər, habelə Qrafinya Uvarovanın və akademik Nikolay Marın arxivlərdə qorunub saxlanmış kəskin elmi etirazları, bu gün İrəvanın maddi-mədəni irsinin tarixi gerçəkliyini təkzibedilməz faktlarla sübut edir. Bu sənədlər və mücadilələr göstərir ki, Sərdar Sarayı özünün işıq, rəng, şəbəkə həndəsəsi və fəvvarə sistemi ilə Şərq dövlətçilik təfəkkürünün, elmi mühəndisliyinin və ali ruh sənətinin qovuşduğu bənzərsiz bir mədəniyyət abidəsidir”, – deyə o qeyd edib.
