Son illər Sabirabadda torpaqların suvarılması ilə bağlı çox mühüm tədbirlər həyata keçirilib, ölkə Prezidentinin tapşırığı ilə rayonun ərazisində çəkilən yeni suvarma kanallarının hesabına rayon üzrə 26 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib.
“Report”un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
“Təkcə son 10 ildə rayonda 82,9 km yeni suvarma kanalı, 446,2 km kollektor çəkilib, suvarma məqsədilə 14, meliorativ məqsədlə isə 3 yeni nasos stansiya tikilib. Suvarma sahəsində işlərin vaxtında həyata keçirilməsi üçün rayonun 21 kəndində Kür çayı sahilində yerləşmiş stasionar nasos stansiyaların üzən panton gəmilərinə keçirilməsi hər il Kür çayında suyun səviyyəsinin həm qalxması, həm də enməsi zamanı yaranan problemin birdəfəlik həll olunmasını təmin etmiş olardı. Bu məsələnin həllində köməklik göstərilməsinə ehtiyacımız varr”, – deyə o qeyd edib.
Bundan başqa, icra başçısı aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb: “Ölkə Prezidentinin təsdiq etdiyi Dövlət Praqramının məqsədlərini, imkanlarını və hədəflərini fermerlərə, fərdi təsərrüfatçılara effektiv şəkildə çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi, aidiyyatı qurumlar və yerli icra hakimiyyəti orqanları birlikdə təbliğat mexanizmlərinin işlənilməsi vacibdir. Aqrar kooperativlərin yaradılması gündəmə gətirilməlidir ki, bu da fermerlərə xərcləri azaltmağa, məhsuldarlığı artırmağa və bazara çıxışı asanlaşdırmağa kömək edərd. Fermerlərin əkinlərinin təbii fəlakətlərdən qorunması, ərzaq təhlükəsizliyinin və aqrar investisiyaların artırılması üçün aqrar sığorta mexanizmlərinin təkmilləşdirilməsi və yerlərdə təbliğatının təmin olunması, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yerli iqlim şəraitinə uyğunlaşdırılmış və xəstəliklərə dözümlü toxum sortlarının, istər taxılçılıq, istər pambıqçılıq, istərsə də digər sahələrdə əkin dövriyyəsinə daxil edilməsi məqsədilə ölkəyə gətirilməsi ilə bağlı toxum tədarükçüsü şirkətlərinə dövlət dəstəyinin göstərilməsi də görüləsi işlərdəndir”.
