Prezident İlham Əliyevin Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət Azərbaycanın regionun gələcəyini əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan təhlükəsizlik modeli üzərində qurmaq əzmində olduğunu bir daha nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar səsləndirib.
Onun sözlərinə görə, dövlət başçısının müraciətində vurğulanan məqamlar son illərdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların və regionun gələcək inkişaf istiqamətlərinin aydın mənzərəsini ortaya qoyur.
“Son illərdə əldə olunan nəticələr Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb və regionun uzunmüddətli inkişafı üçün əlverişli zəmin formalaşdırıb. Bu gün Azərbaycan regionun gələcəyini qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan model üzərində qurmağa çalışır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionun siyasi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirən hadisələrdən biridir. Uzun illər davam edən qarşıdurma mərhələsinin arxada qalması Cənubi Qafqazın ilk dəfə olaraq vahid iqtisadi və nəqliyyat məkanı kimi formalaşması üçün real imkanlar yaradıb. Bu gün sülh gündəliyinin qorunması və inkişaf etdirilməsi bütövlükdə regionun təhlükəsizliyi və rifahı baxımından strateji əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, Prezident İlham Əliyevin müraciətində xüsusi yer ayrılan nəqliyyat-kommunikasiya layihələri yeni mərhələnin əsas sütunlarından biri kimi çıxış edir.
“Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Orta Dəhlizin ən mühüm həlqəsinə çevriləcək. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı hazırkı şəraitdə Trans-Xəzər nəqliyyat marşrutu Avropa ilə Asiyanı birləşdirən etibarlı və təhlükəsiz alternativ kimi strateji əhəmiyyət qazanır. Bu baxımdan, nəqliyyat layihələri artıq yalnız iqtisadi deyil, eyni zamanda, təhlükəsizlik və sabitlik amili kimi çıxış edir”, – deyə Ülviyyə Zülfiqar bildirib.
O, Türk dünyasının artan beynəlxalq roluna da diqqət çəkib.
“Son illərdə türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və nəqliyyat əlaqələrinin güclənməsi yeni geosiyasi məkanın formalaşdığını göstərir. Azərbaycanın təşəbbüsləri və fəal diplomatiyası nəticəsində Türk dünyası artıq yalnız mədəni yaxınlıq platforması deyil, həm də beynəlxalq münasibətlər sistemində təsir imkanları genişlənən strateji əməkdaşlıq məkanı kimi qəbul olunur. Bu prosesdə Azərbaycanın rolu xüsusilə diqqətəlayiqdir. Azərbaycan həm Şərqlə Qərb, həm də Şimalla Cənub arasında etibarlı körpü funksiyasını yerinə yetirərək müxtəlif geosiyasi mərkəzlər arasında dialoq və əməkdaşlığın inkişafına mühüm töhfə verir. Şuşadan verilən mesajlar da göstərir ki, Bakı regional təhlükəsizliyi qlobal təhlükəsizliyin ayrılmaz hissəsi kimi qiymətləndirir və bu istiqamətdə təşəbbüskar rolunu davam etdirir”, – deyə Ülviyyə Zülfiqar qeyd edib.
