Almanların 75%-dən çoxu Bundesverin (Almaniya Silahlı Qüvvələri) 2035-ci ilə qədər Avropanın ən güclü ordusuna çevriləcəyinin ehtimalının az olduğunu düşünür. Bu barədə ” Der Tagesspiegel” qəzeti audit və konsaltinq şirkəti PwC tərəfindən ictimai rəy tədqiqat institutu Civey ilə birlikdə aparılan sorğunun nəticələrinə istinadən məlumat yayıb. Tədqiqatda 2500 nəfər iştirak edib.
Almaniya kansleri Fridrix Merts 2025-ci ilin may ayında verdiyi ilk hökumət bəyanatında Bundesveri 2035-ci ilə qədər Avropanın ən güclü ordusuna çevirmək məqsədini açıqladı. Respondentlərin yalnız 19%-i bu məqsədi real hesab etdi.
Eyni zamanda, sosioloqlar getdikcə daha çox Almaniya vətəndaşının dövlətdən qorunma ilə bağlı yüksək gözləntilərə sahib olduğunu aşkar ediblər. Almanların üçdə ikisi mülki müdafiə və fövqəladə hallardan qorunma sisteminin zəif hazırlandığına inanır və təxminən 87%-i bu sahəyə artan investisiyaları dəstəkləyir. Bununla belə, alman ailələrinin yalnız yarıdan bir qədər çoxunun evdə qida və digər ləvazimatları var. “Almanlar zamanın dəyişdiyini və daha çox qorunma tələb etdiyini anladılar. Lakin, hökumətdən gözləntiləri ilə öz hərəkətləri arasında fərq qalmaqdadır”, – PwC Germany şirkətinin tərəfdaşı Volfqanq Zink nəticələr barədə şərh verib.
Almaniya kansleri Fridrix Merts dəfələrlə Bundesverin Avropanın ən güclü ordusuna çevrilməli olduğunu bildirib. Bundan əvvəl müdafiə naziri Boris Pistorius Bundesver üçün inkişaf strategiyasını təqdim etmişdi. Strategiyaya əsasən, 2035-ci ilə qədər aktiv qoşunların sayı təxminən 180.000-dən 260.000-ə, ehtiyatların isə 70.000-dən ən azı 200.000-ə çatdırılmalıdır. Bundan əlavə, Almaniya ordusunun yeni inkişaf konsepsiyasında Rusiya əsas təhlükə elan edilir. Sənəddə Rusiyanın “NATO ilə hərbi toqquşmaya hazırlaşdığı” iddia edilir.
