Müasir beynəlxalq münasibətlər sistemində informasiya təhlükəsizliyi, media diplomatiyası və qlobal kommunikasiya dövlətlərin siyasi nüfuzunun, beynəlxalq əməkdaşlığının və strateji mövqeyinin formalaşmasında mühüm rol oynayır. Sürətlə dəyişən geosiyasi proseslər, rəqəmsallaşmanın yaratdığı yeni çağırışlar və informasiya mühitində artan rəqabət şəraitində media platformaları təkcə fikir mübadiləsi üçün deyil, həm də dövlətlərin mövqelərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu qlobal informasiya gündəliyinin mühüm platformalarından biri kimi mövqeyini daha da möhkəmləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Forumun açılışında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq informasiya siyasətinin prioritetlərini və qlobal media məkanında artan rolunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının da vurğuladığı kimi, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır və bu, tədbirə olan beynəlxalq marağın davamlı şəkildə yüksəldiyini göstərir. Azərbaycanın, xüsusilə də işğaldan azad edilmiş Qarabağın və Şuşanın belə nüfuzlu auditoriyanı qəbul etməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndiyini, regionun isə sülh, əməkdaşlıq və dialoq məkanına çevrildiyini nümayiş etdirir.
“Forum çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın regional və qlobal geosiyasi proseslərdə oynadığı rolun daha aydın təqdim olunmasına imkan yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qonşularla qarşılıqlı etimada və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər olmadan heç bir ölkənin etibarlı tranzit mərkəzinə çevrilməsi mümkün deyil. Məhz bu prinsipə əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib, Avrasiya məkanında etibarlı logistika və enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirib.
Dövlətimizin başçısı çıxışında mövcud geosiyasi, iqtisadi və nəqliyyat reallıqlarının Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını xüsusi vurğulayıb. Son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, enerji təhlükəsizliyi sahəsində qazanılan nailiyyətlər, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və çoxtərəfli əməkdaşlıq siyasəti ölkəmizin regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib”, – deyə deputat əlavə edib.
Azərbaycan daha geniş geosiyasi məkanın mühüm siyasi və informasiya mərkəzlərindən birinə çevrilib
S.Novruzov bildirib ki, Forumda Azərbaycan-Türkiyə münasibətlərinə də xüsusi yer ayrılıb. Prezident İlham Əliyevin “Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik” fikri iki ölkə arasında münasibətlərin ən yüksək strateji səviyyəyə yüksəldiyini bir daha təsdiqləyir. Bu müttəfiqlik münasibətləri təkcə siyasi sahədə deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlıq istiqamətlərində də uğurla inkişaf edir və regionda sabitliyin əsas təminatlarından biri kimi çıxış edir.
“Forumda Avropa İttifaqı ilə münasibətlər də geniş şəkildə dəyərləndirildi. Prezident İlham Əliyev çıxışında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşmanı da kəskin tənqid etdi. Dövlət başçısı xatırladı ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxladığı bütün dövrdə ölkəmiz AŞPA tərəfindən heç vaxt sanksiyaya məruz qalmayıb. Lakin ərazilərimizin tam azad edilməsindən sonra Azərbaycana qarşı ultimatum xarakterli və tamamilə qəbuledilməz tələblərin irəli sürülməsi AŞPA-nın ölkəmizə münasibətdə ikili standartlardan çıxış etdiyini açıq şəkildə nümayiş etdirir. Belə yanaşma beynəlxalq hüququn prinsiplərinə və obyektivlik meyarlarına uyğun gəlmir”, – deyə o qeyd edib
Deputat qeyd edib ki, Forum çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinə də toxunulub. Prezident İlham Əliyevin vurğuladığı kimi, 907-ci düzəliş Azərbaycana qarşı qəbul edilmiş ən ədalətsiz qərarlardan biridir və ölkəmiz keçmiş sovet respublikaları arasında ABŞ Konqresinin ayrı-seçkilik siyasətinə məruz qalan yeganə dövlət olub. Dövlət başçısının da bildirdiyi kimi, bu düzəliş nə qədər tez tam ləğv edilərsə, həm Azərbaycan, həm də ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından bir o qədər faydalı olacaq.
“Ümumilikdə IV Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş geosiyasi məkanın mühüm siyasi, iqtisadi və informasiya mərkəzlərindən birinə çevrilib. Forum çərçivəsində verilən mesajlar ölkənin milli maraqlara əsaslanan xarici siyasət kursunu, müstəqil qərarvermə iradəsini, beynəlxalq hüquqa sadiqliyini, regional sülhə verdiyi töhfələri və qlobal əməkdaşlığın inkişafında artan rolunu nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, regional liderlik mövqeyinin gücləndiyini və gələcək inkişaf strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu”, – deyə S.Novruzov vurğulayıb.
