Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Lamiyə Qafar-zadə Polşada Titus Filipoviç mükafatına layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mükafat proqramı çərçivəsində alim Varşava Universitetində, həmçinin Ossolinski adına Milli İnstitut və Şərqi Avropa Kollecində elmi tədqiqat üzrə staj keçib. O, “Səfəvi imperiyasının İngiltərə ilə qarşılıqlı əlaqələri” mövzusunda araşdırma apararaq Polşa kitabxanalarının fondlarında saxlanılan elmi mənbələri tədqiq edib.
Varşava Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin dəvəti ilə dosent universitetin Asiya və Afrika mədəniyyətləri fakültəsinin tələbələri üçün “İngilis Moskva şirkətinin agentlərinin hesabatlarına əsasən Səfəvilər sülaləsinin etnolinqvistik mənşəyi” mövzusunda mühazirə ilə çıxış edib.
Tədqiqatçı, həmçinin Ossolinski adına Milli İnstitutun və Şərqi Avropa Kollecinin fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif elmi tədbirlərdə iştirak edib, doktorluq dissertasiyasının müdafiəsi prosesini izləyib.
Lamiyə Qafar-zadə müəllifi olduğu monoqrafiyanı Varşava Universitetinin Azərbaycanşünaslıq Mərkəzinə, Varşava və Vrotslav universitetlərinin kitabxanalarına, habelə Xalq Kitabxanasına hədiyyə edib.
