Təhsilin İnkişafı Fondu ilə Dünyagöz Xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq çərçivəsində təhsil işçiləri Dünyagöz Xəstəxanasının təqdim etdiyi xidmətlərdən xüsusi güzəştlərlə yararlana biləcəklər. Müqaviləyə əsasən, müayinə və tomoqrafiya xidmətlərinə 50 faiz, lazer, ümumi və xüsusi əməliyyatlara isə 20 faiz endirim tətbiq olunacaq.
Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondunundan məlumat verilib.
İmzalanma mərasimində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, bu əməkdaşlıq təhsil işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. O, təhsil işçilərinin keyfiyyətli tibbi xidmətlərə daha əlçatan şəkildə çıxışının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
Dünyagöz Xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu təhsil sahəsində çalışan şəxslərə dəstək verməyin onlar üçün mühüm sosial məsuliyyət istiqamətlərindən biri olduğunu qeyd edib, əməkdaşlığın uzunmüddətli və faydalı olacağına inandığını ifadə edib. Qeyd edək ki, “TəhsilPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində kartların bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur. Bununla yanaşı, təhsil işçiləri üçün müxtəlif sahələrdə yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
