APA-nın Şimal bölgə müxbirinin məlumatına görə, ümumi su tutumu 268 milyon kubmetrdən çox olan anbar 2013-cü ildə istifadəyə verilib. Samur çayının sularının tənzimlənməsi məqsədilə inşa olunan obyekt həm əkin sahələrinin suvarılmasına, həm də içməli su təminatının yaxşılaşdırılmasına xidmət edir.
Samur-Abşeron Kanalı İstismar İdarəsinin baş mühəndisi Nizam Muxtarov bildirib ki, Samur-Abşeron Kompleksinin yenidən qurulmasına 2006-cı ildə başlanılıb. Həyata keçirilən layihələr nəticəsində kanal sisteminin ümumi uzunluğu təxminən 400 kilometrə çatdırılıb.
Onun sözlərinə görə, Taxtakörpü Su Anbarı Samur çayı ilə yanaşı Qusarçay, Qudyalçay, Qaraçay, Cağacuqçay və Vəlvələçaydan daxil olan suları toplayır. Hazırda anbarda təxminən 266 milyon kubmetr su ehtiyatı mövcuddur.
Baş mühəndis qeyd edib ki, Taxtakörpü Su Anbarı xüsusilə quraqlıq illərində Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təminatında mühüm rol oynayıb. 2014, 2017, 2019, 2020 və 2021-ci illərdə müşahidə olunan quraqlıq dövrlərində paytaxtın su təminatında ciddi problemlərin yaranmamasında anbarın xüsusi əhəmiyyəti olub.
Məlumata görə, anbar yalnız su ehtiyatlarının toplanmasına xidmət etmir. Burada fəaliyyət göstərən Su Elektrik Stansiyası vasitəsilə elektrik enerjisi də istehsal olunur. Bəndin hündürlüyü 142,5 metr, uzunluğu isə 1180 metrdir.
Taxtakörpü Su Anbarında təhlükəsizlik tədbirləri də xüsusi nəzarətdə saxlanılır. Bəndin texniki vəziyyətinin monitorinqi məqsədilə 79 elektron piezometrik datçik quraşdırılıb. Həmin cihazlardan daxil olan məlumatlar hər gün təhlil edilir və bəndin vəziyyəti daimi nəzarətdə saxlanılır.
Mütəxəssislər hesab edirlər ki, su ehtiyatlarının qorunması, yeni su infrastrukturunun yaradılması və müasir suvarma sistemlərinin genişləndirilməsi ölkənin su və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
