Süni intellektin inkişafı bir sıra peşələrdə insan əməyinə olan tələbatı azalda və gələcəkdə əmək bazarında ciddi dəyişikliklərə səbəb ola bilər. Yaxın gələcəkdə süni intellektin veb-dizayner, loqo dizayneri, satış nümayəndəsi və auditor kimi peşələrdə insanları tamamilə əvəz etməsi də mümkündür, indi biz bunun nisbətən sadə imkanlarla tətbiqini görürük. Təbii ki, bunun birdən-birə baş verəcəyini gözləməməliyik. Çünki bəzi vərdişlər hələ dəyişilməyib, insan yerinə robotu qəbul etmək cəmiyyət üçün o qədər də asan olmayacaq. Lakin bir vaxtlar banka getmədən əməliyyatlar da mümkün deyildi, amma indi bir mobil tətbiqlə bütün bank əməliyyatlarımızı reallaşdıra bilirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
“Süni intellekt həyatımızı asanlaşdırmaq üçün bir çox imkanlar təqdim etsə də, özü ilə bir çox riskləri də həyatımıza daxil etdi. Xüsusilə də iş dünyasında süni intellektin görə biləcəyi saysız-hesabsız işlər insanın əlindən alına bilər. Süni intellekt vasitələrinin yalnız insanların edə biləcəyi düşünülən mürəkkəb tapşırıqları yerinə yetirmək qabiliyyəti də zamanla inkişaf etdiriləcək, bu isə insanların əmək bazarından sıxışdırılmasına səbəb olacaq”, – deyə sosioloq bildirib.
Sosioloq vurğulayıb ki, hər gün süni intellektin bacardığı sahələrin siyahısına yenisi əlavə olunur: “Texnologiyanın bu qədər inkişafı, süni intellektin hazırkı performansı bəziləri üçün qorxulu sual da doğurur: Süni intellekt mənim işimi əlimdən ala bilərmi? Hələ ki, 20-25 peşədə əvəzedici olan süni intellektin yaxın gələcəkdə 800-ə yaxın peşədə insanı əvəz edəcəyi gözlənilir”.
Bununla yanaşı, L.Mehralı hesab edir ki, süni intellekt bütün peşələrdə insanı tam əvəz edə bilməyəcək. Onun sözlərinə görə, insan amili, yaradıcılıq, emosional intellekt və sosial ünsiyyət tələb edən sahələrdə insan əməyinə ehtiyac qalacaq: “Texnologiya və avtomatlaşdırma səbəbindən insanlar tənbəl ola bilər, işsizlik səviyyəsi artar, hazır bilgidən istifadə etdikcə insanın yaradıcılıq qabiliyyəti azalar, amma süni intellektin bütün peşələrdə insanı əvəz etməsi məsələsi heç vaxt reallaşmayacaq”.
Sosioloq gənclərə gələcək əmək bazarının tələblərini nəzərə almağı və peşə seçimində daha diqqətli olmağı tövsiyə edib. “Gələcəkdə işsiz qalmamaq üçün bu gündən düzgün peşə seçimi etmək vacibdir”, – deyə o əlavə edib.
