Türkiyənin Düzce Universitetində keçirilən “Türk dünyasında qadın: İqtisadi dönüşüm və inkişaf” adlı beynəlxalq konfransda ölkəmizi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Azərbaycan Qadın Sahibkarları İctimai Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü Məhəbbət İbrahimova təmsil edib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən M.İbrahimova Türk dünyasında qadınların iqtisadi güclənməsi, sahibkarlıq fəaliyyətinin genişlənməsi və dayanıqlı inkişaf proseslərində rolunun artmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, qadınların iqtisadi sistemdə fəal iştirakı yalnız sosial rifahın yüksəldilməsi deyil, həm də davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.
Çıxışda Türk xalqlarının tarixində qadınların istehsal, ailə təsərrüfatı və ictimai həyatın təşkilində fəal iştirak etdiyi qeyd olunaraq, bu tarixi təcrübənin müasir iqtisadi transformasiya ilə uzlaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda rəqəmsal iqtisadiyyatın və innovativ biznes mühitinin qadın sahibkarlığı üçün yaratdığı yeni imkanlar xüsusi vurğulanıb. Bu imkanların qadınların iqtisadi fəallığının artmasına, yeni iş yerlərinin formalaşmasına və regional iqtisadiyyatların güclənməsinə mühüm töhfə verdiyi bildirilib.
Səfər çərçivəsində Azərbaycan Qadın Sahibkarları İctimai Assosiasiyası (AQSİA) adından Düzce Universiteti və Kırklareli Universiteti ilə əməkdaşlığa dair memorandumlar imzalanıb. Sənədlər birgə elmi-tədqiqat fəaliyyətləri, akademik mübadilə proqramları, beynəlxalq konfransların təşkili və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsini əhatə edir.
Qeyd olunub ki, imzalanan memorandumlar Azərbaycan ilə Türkiyə arasında elm, təhsil və qadın sahibkarlığının inkişafı istiqamətində əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək.
Konfrans çərçivəsində Türk dünyasında qadın həmrəyliyi, ortaq inkişaf perspektivləri və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, bu kimi beynəlxalq platformalar Türk dünyasında qadınların birliyinin möhkəmlənməsi, təcrübə mübadiləsinin artırılması və yeni əməkdaşlıq formatlarının formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
