Uşaqlıqdan filmlərə çox baxırdım. Oradaki obrazları izləməyi və onları canlandırmağı da çox sevirdim. Bir gün dostumun vasitəsilə foto çəkilişində iştirak etdim. Çəkilən şəkilləri sosial mediada paylaşdım və bu, gözləmədiyim qədər böyük maraq doğurdu. Bundan sonra sənətçi dostlarım mənə aktyorluq və modellik sahəsində özümü sınamağı məsləhət gördülər. Mən də onların sözlərinə qulaq asaraq, həm fotomodellik üzrə təlimlərə, həm də Bakı Film İnstitutunda aktyorluq təhsilinə başladım. Beləliklə, həyatımda maraqlı bir dövrə keçid etdim.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktyor və təşkilatçı Bəhram Afsal ifadə edib.
Eyni vaxtda bir neçə istiqamətdə çalışdığını deyən aktyor sözlərinə belə davam edib: “Bir tərəfdən ictimai fəaliyyət və təhsil, digər tərəfdən modellik və aktyorluq. Bakıda Əməkdar artist Nofəl Vəliyev, Səbinə Hacıyeva, Namiq Ağayev və digər dəyərli müəllimlərdən aktyorluq təlimləri aldım. Modellik sahəsində isə “Fashion Consulting Group”un (FCG) rəhbəri Fərhad Hacı mənə təlimlər keçdi. Tədricən modellik sahəsində də irəliləməyə başladım və 2018-ci ildə Azərbaycan Fotomodel yarışmasına qatıldım. Altıaylıq hazırlıq prosesindən sonra yarışmanı birinciliklə başa vurdum”.

Kürdəmir rayonunun Böyük Kəngərli kəndində anadan olan Bəhram orta məktəbi fərqlənmə ilə bitirdiyini deyir: “Müəyyən səbəblərə görə həmin il universitetə qəbul ola bilmədim. Daha sonra hərbi xidmətimi başa vurub, kəndə qayıtdım. Bir müddət doğma kəndimdə qaldıqdan sonra Bakıya getmək qərarına gəldim. Həyatımda yeni bir səhifə açmaq, özümü inkişaf etdirmək və daha böyük məqsədlərə çatmaq istəyirdim. Bakıda Anadolu Universitetinə müraciət etdim. Hazırlıq mərhələsini başa vurduqdan sonra Türkiyənin Eskişehir Anadolu Universitetinin İşlətmə fakültəsinə qəbul oldum. Bu da mənim Türkiyə macəramın başlanğıcı oldu. Universitet illərində yalnız təhsillə kifayətlənmədim. Eyni zamanda, müxtəlif sahələrdə çalışmağa və özümü inkişaf etdirməyə çalışırdım. Əsasən təhsil, gənclər və mədəniyyət sahələrində fəaliyyət göstərdim. Sonradan FCG daxilində Metropolitan Model Academy yaradıldı və mənə burada rəhbər kimi fəaliyyət göstərmək, yeni modellərin hazırlanmasında iştirak etmək imkanı verildi. Daha sonra Best Photomodel of the Year Azerbaijan, Miss Şərq Gözəli kimi müxtəlif yarışmaların təşkilində iştirak etdim. Eyni zamanda, World Beauty Congress ilə birlikdə Dünya Kostyum Stilist yarışmasının təşkili istiqamətində çalışdım. Amma əsas məqsədim yalnız modellik deyildi. Mən həmişə aktyorluğa daha böyük maraq göstərmişəm. Özümü aktyor kimi inkişaf etdirmək və bu sənətdə daha böyük yerlərə gəlmək istəyirdim. Bu məqsədlə 2019-cu ildə İstanbula gəldim”.

O, İstanbula gəlişini özü üçün tamamilə yeni bir həyatın başlanğıcı kimi qiymətləndirir: “İstanbulda olduğum ilk dövrlərdə COVID-19 pandemiyası başladı. Bu da işimi və sənət fəaliyyətimi daha da çətinləşdirdi. Lakin bütün çətinliklərə baxmayaraq, dayanmadım. Aktyorluq üzrə təhsil verən yerlər axtardım və təhsilə başladım. Müxtəlif qısametrajlı filmlərdə, test çəkilişlərində və digər layihələrdə rol aldım. Daha sonra rejissor Çiçək Yetərin “Zıbar” adlı serial layihəsində qısa cümlə ilə seçimlərə qatıldım və seçildim. Qısa olmasının səbəbi isə bu obrazın mənim kimliyimə uzaq olması idi. Lakin, “Zıbar” serialı aktyorluq yolumda xüsusi bir mərhələ oldu. Həmin səhnənin və obrazın üzərində işləməyə başladım. Əvvəlcə yalnız bir cümləm var idi. Lakin məşqlər zamanı obraz daha da inkişaf etdirildi. Müxtəlif sözlər, cümlələr və əlavələr edilirdi. Mən də həmin əlavələri öyrənib oynayırdım. Bir müddət sonra gördük ki, obraz artıq əvvəlkindən fərqli şəkildə formalaşır. Mənim səhnələrimə və obrazıma maraq artmağa başladı. Bir cümlə ilə başladığım rol getdikcə böyüdü, dialoqlarım artdı və serialda daha çox səhnəm olmağa başladı. Bu mənim üçün çox böyük motivasiya səbəbi idi. Çünki mənə, sadəcə, kiçik bir imkan verilmişdi…”
Həmin layihədə barmen obrazını canlandıran Bəhram rolunu layiqincə oynamaq üçün bir müddət restoranda barmen, ofisiant, barista kimi işləməyə başlayır və serialdakı işini uğurla başa vurur.

“Sonra isə sənədlərimlə bağlı problem yarandı və bir təsadüf nəticəsində İstanbulda fəaliyyət göstərən Azərbaycan Vizyon Teatr Dərnəyi, indiki “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Kamal Cabbarova ilə tanış oldum. Bu dərnəyin Azərbaycanla və teatrla bağlı olması mənə çox doğma gəldi. Kəmalə xanım mənə kömək təklif etdi. O, heç bir qarşılıq gözləmədən mənə kömək əlini uzatdı. Bu, mənim üçün, sadəcə, bir kömək deyil, azərbaycanlıların bir-birinə sahib çıxması, milli həmrəyliyin və insanlığın gözəl nümunəsi idi. Sonradan bu dərnəyə daha çox bağlandım və Kəmalə xanımla işləməyə başladıq. Bir müddət sonra dərnəkdə mətbuat katibi və təşkilatçı kimi fəaliyyət göstərməyə başladım. Bu, mənim üçün yeni bir dövrün başlanğıcı oldu”, – deyə aktyor bildirib.

Hazırda İstanbulda fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin sədr müavini və mədəni fəaliyyətlər üzrə məsul şəxsi, eləcə də Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının rəhbərinin müavini kimi fəaliyyət göstərən həmsöhbətimiz burada, eyni zamanda, aktyor və səhnə şefi kimi də fəaliyyət göstərir. O, teatrın yaradıcılıq və təşkilati işlərinin həyata keçirilməsi, yeni tamaşaların hazırlanması və gənc aktyorların fəaliyyətinin koordinasiyasında yaxından iştirak edir.
O, sənət yolu ərzində Azərbaycan klassik və müasir dramaturgiyasının müxtəlif nümunələrində maraqlı obrazlar yaratdığını deyir.
Aktyor Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi tərəfindən ölkəmizin tanınmış simalarının daha geniş ictimaiyyətə tanıdılması məqsədilə başladılan layihə çərçivəsində hazırlanan Məhəmməd Füzulinin 800 illiyinə həsr olunan sənədli filmin yaradıcı heyətində yer alıb, “Leyli və Məcnun” tamaşasında Məcnun obrazını canlandırıb. Sonra eyni layihə əsasında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunan sənədli filmin yaradıcı heyətinin üzvü olub və “İstiqlal yolçusu” tamaşasında Məhəmməd Əli Rəsulzadə, Sarabski, Pepinov, erməni zabiti və rus əsgəri olmaqla beş fərqli obrazı canlandırıb. O, həmçinin Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan sənədli filmin yaradılmasında da yaxından iştirak edib. İstanbulda səhnəyə qoyulan “Yağışdan sonra” tamaşasında Emin, Xocalı soyqırımına həsr olunan “Adsız Qadın” tamaşasında isə əsgər rolunu oynayıb.

Aktyorun “Yönetmen Yusuf” obrazı ilə baş rol ifaçısı olduğu “Çocuk Kulübü Show” tamaşası “IV Çam Mükafatları” çərçivəsində “Ən yaxşı uşaq klubu” mükafatına layiq görülüb.
“Müxtəlif teatr layihələrində aktyorluqla yanaşı, quruluşu da üstümə götürməyi sevirəm. Teatr fəaliyyətim ilə yanaşı, qısametrajlı və festival filmlərində də rol almağım, məni müxtəlif janrlardakı ekran işlərində aktyorluq potensialımı nümayiş etdirməyimə də imkan verdi. Mədəni tədbirlərin təşkilatçısı kimi İstanbulda keçirilən Azərbaycan mədəniyyət günləri, teatr festivalları, sərgilər, Azərbaycan xalçalarının və kəlağayılarının tanıdılması, konsert proqramları, anım mərasimləri və digər mədəni layihələrin təşkilində və koordinasiyasında mühüm vəzifələri yerinə yetirmək özümə borc bilmişəm. İstanbulda yaşadığım müddətdə mənim üçün digər mühüm istiqamət isə Azərbaycan mədəniyyəti və diaspora fəaliyyəti oldu. Harada yaşamağımdan asılı olmayaraq, mən kimlik və Vətənə bağlılığın qorumasının vacib olduğunu düşünürəm”, – deyə o diqqətə çatdırıb.
