Son illərdə Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi Azərbaycan-Türkmənistan əlaqələrinə də tamamilə yeni bir dinamika qazandırıb. İki ölkə arasındakı qarşılıqlı etimad, iqtisadi-ticari dövriyyənin artması, tranzit-nəqliyyat sahəsindəki layihələr bu tərəfdaşlığın genişləndirilməsində mühüm rola malikdir. Xüsusən də Xəzərdəki “Dostluq” yatağının müştərək kəşfiyyatına və işlənilməsinə dair əldə edilmiş tarixi razılaşma iki ölkə arasındakı potensialın nə dərəcədə geniş olduğunu nümayiş etdirib. İndi isə hər iki dövlət öz əməkdaşlıq coğrafiyasını daha da genişləndirərək, həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha institusional mərhələyə daşımaqdadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında münasibətlər sadəcə iki qonşu dövlətin diplomatik əlaqələri deyil, eyni kökdən, ortaq tarixdən, mədəniyyətdən və mənəvi dəyərlərdən qaynaqlanan sarsılmaz qardaşlıq bağlarının təzahürüdür. Müstəqillik illərindən bəri hər iki dövlət öz suverenliyini möhkəmləndirməklə yanaşı, ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri isə hər iki ölkənin diplomatik əlaqələr tarixində mühüm bir siyasi hadisə kimi tarixə düşdü. Səfər çərçivəsində Bakıda reallaşan təkbətək və geniş tərkibli görüşlər zamanı aparılan səmərəli müzakirələr tərəflərin regional və qlobal proseslərə baxış bucağının uzlaşdığını deməyə əsas verir. Geniş tərkibli danışıqlarda energetika, logistika, kənd təsərrüfatı, rəqəmsallaşma və humanitar sahələrdə real hədəflər müəyyən olundu. Birgə mətbuat konfransı zamanı isə Prezident İlham Əliyevin çıxışı və səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrin tarixinə nəzər yetirilməsi, bu münasibətlərin gələcək inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
“Dövlətimizin başçısı ilk növbədə Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun iki ölkə arasındakı münasibətlərin inkişafındakı müstəsna xidmətlərini vurğulayaraq, ötən ilin iyulunda ölkəmizə səfər edərkən onun Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürməsini Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi olduğunu qeyd etdi. Gələn ay Türkmənistanda iqtisadiyyatla bağlı Hökumətlərarası Komissiyanın iclası keçiriləcəyi, yeni birgə həllər və layihələrin reallaşdırılması mərhələsinə keçid ediləcəyi vurğulandı. Bundan başqa, çıxışda mədəniyyət sahəsindəki dinamizmə toxunularaq, Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin, Azərbaycanda isə Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsinin xalqlarımızın bir-birinə nə qədər yaxın olduğunun nümayişi kimi qeyd edildi. Prezident İlham Əliyev, həmçinin nəqliyyat-loqistika sahəsində əməkdaşlığa diqqət çəkərək, mühüm mesajlar səsləndirdi. Dövlətimizin başçısı məhz qarşılıqlı siyasi fəaliyyət sayəsində səylərin birləşdirilməsinin mümkünlüyünü qeyd edərək, artıq bu sahədə əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını və geniş coğrafiya üçün strateji əhəmiyyətə malik olduğunu vurğuladı”, – deyə deputat xatırladıb.
Z.Şükürov bildirib ki, dövlət səfərinin ən praktik və hüquqi nəticəsi iki ölkə arasında strateji sahələri əhatə edən sənədlərin – prezidentlərin Birgə Bəyanatının, həmçinin bir çox sahələrdə əməkdaşlıqla bağlı sənədlər paketinin imzalanması oldu. Xüsusilə vurğulanmalıdır ki, prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanat iki ölkənin gələcək siyasi-diplomatik fəaliyyətinin əsas konturlarını müəyyənləşdirir.
“Azərbaycan və Türkmənistan arasındakı münasibətlər çoxtərəfli formatda, xüsusən də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində böyük perspektivlər vəd edir. Türkmənistanın TDT-də müşahidəçi statusunda iştirakına baxmayaraq, onun təşkilatın fundamental layihələrinə inteqrasiyası müşahidə edilir. Rəsmi Bakı hər zaman Türkmənistanın Türk dünyasının tamhüquqlu inteqrasiya proseslərinə daxil olmasının fəal tərəfdarı kimi çıxış edir. Bu kontekstdə iki ölkənin birgə fəaliyyəti Türk dünyasının coğrafi və strateji cəhətdən birləşməsində mühüm rol oynaya bilər. Xüsusilə “Orta Dəhliz” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi çərçivəsində Bakı və Türkmənbaşı limanları arasında daşımaların həcminin artırılması hər iki dövləti qlobal logistik xəritənin mərkəzi oyunçusuna çevirir. Mərkəzi Asiya resurslarının bütövlükdə Türk dünyası coğrafiyası üzərindən Avropaya təhlükəsiz və şaxələndirilmiş yollarla çatdırılması regional asılılığı azaldır və iqtisadi suverenliyi gücləndirir”, – deyə o vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, Türkmənistan Prezidentinin səfərinin növbəti mərhələsi xüsusi rəmzi və siyasi məna kəsb edən hadisələrlə zəngin oldu. Dövlət başçıları birgə Qarabağa, konkret olaraq Füzuli və Şuşa şəhərlərinə səfər etdilər. Ali qonağın Füzuli Beynəlxalq Hava Limanında qarşılanması Qarabağın yenidən qurulan logistik gücünün, Qarabağın incisi sayılan Şuşa şəhərinə reallaşan ziyarət isə Türk dünyasının birliyinin sarsılmazlığının nümayişi oldu. Şuşa məscidinin ziyarəti mənəvi birliyin göstəricisi idisə, Füzuli şəhərində Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə inşasına başlanmış yeni məscid kompleksi bu qardaşlığın sübutu idi.
“Yekun olaraq qeyd edilməlidir ki, Xəzər dənizinin iki sahili arasında qurulan bu strateji körpü həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada davamlı sülhün, iqtisadi inkişafın və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verə bilər. Türk Dövlətləri Təşkilatının gücləndiyi və qlobal güc mərkəzlərindən birinə çevrildiyi müasir dövrdə Azərbaycan və Türkmənistan müəyyən məsələlərlə bağlı mövqelərini sinxronlaşdırırlar və bu tarixi səfər ortaq kökə, keçmişə malik olan hər iki dövlətin ortaq gələcək naminə sarsılmaz iradəsini nümayiş etdirir”, – deyə Z.Şükürov fikrini yekunlaşdırıb.
