Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Nərimanov və Qaradağ Sosial Xidmət Mərkəzlərində “Uşaq hüquqlarının pozulmasının onların psixikasına təsiri” adlı təlimlər keçirilib.
Bu barədə AZƏRTAC-a SXA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “İnsan hüquqları aylığı” çərçivəsində təşkil edilən təlimlərdə uşaqların hüquqlarının pozulmasının onların psixoloji, emosional, sosial və davranış inkişafına göstərdiyi təsirlərdən bəhs edilib. Eyni zamanda, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsinin əhəmiyyəti, onların hüquqlarının qorunması istiqamətində valideynlərin və cəmiyyətin rolu barədə iştirakçılara məlumat verilib.
İnteraktiv formatda təşkil edilən görüşlər zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, valideynləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı praktik tövsiyələr verilib.
Təlimlərdə uşaqlarla düzgün ünsiyyətin qurulması, onların emosional ehtiyaclarının vaxtında müəyyənləşdirilməsi və hüquq pozuntularının qarşısının alınmasına yönəlmiş yanaşmalar müzakirə olunub.
Tədbirlərin məqsədi valideynlərin uşaq hüquqları sahəsində məlumatlılığını artırmaq, uşaqların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq və onların hərtərəfli, sağlam inkişafını dəstəkləyən effektiv yanaşmaları təşviq etmək olub.
