Bu sözləri AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov deyib.
Deputat qeyd edib ki, bu gün Azərbaycanda müşahidə olunan sabitliyin, inkişafın və milli birliyin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik kursu dayanır. Müstəqilliyimizin qorunması, güclü dövlət institutlarının yaradılması, milli maraqlara söykənən xarici siyasət xəttinin formalaşdırılması məhz həmin siyasi məktəbin əsas sütunları idi. Prezident İlham Əliyev bu siyasi irsi müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı yeni mərhələyə yüksəltməyi bacardı.
Son illər dünyada baş verən mürəkkəb geosiyasi proseslər, müharibələr, iqtisadi böhranlar və beynəlxalq qarşıdurmalar fonunda Azərbaycanın müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin fəaliyyətində ən çox qiymətləndirilən cəhətlərdən biri də məhz milli maraqları hər şeydən üstün tutmasıdır. Bu siyasət nəticəsində Azərbaycan heç bir xarici güc mərkəzinin təsiri altında olmayan, qərarlarını öz milli maraqlarına uyğun qəbul edən dövlət kimi tanınır.
“Xalqın dövlət başçısına olan etimadının mühüm səbəblərindən biri də onun gücünü xalqdan almasıdır. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial rifahın yüksəldilməsi, regionların inkişafı, şəhid ailələri və qazilərə göstərilən diqqət, yeni iş yerlərinin yaradılması və sosial müdafiə tədbirləri vətəndaşların gündəlik həyatında hiss edilən dəyişikliklərə səbəb olub. İnsanlar dövlət siyasətinin nəticələrini öz həyatlarında gördükləri üçün bu siyasətə dəstək verirlər. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri də ictimai etimadın əsas mənbələrindəndir. Qətiyyətli qərar qəbul etmək bacarığı, strateji düşüncə, siyasi iradə və milli məsələlərdə prinsipial mövqe onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu artırıb. Bu gün Azərbaycan Prezidentinin mövqeyi regional və qlobal proseslərdə diqqətlə izlənilir. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünün sahibi olan dövlət kimi qəbul edilir”, – deyə A.Novruzov vurğulayıb.
Deputat bildirib ki, ölkənin iqtisadi inkişafı da bu etimadın mühüm dayaqlarından biridir. Son illər ərzində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan regionun ən güclü iqtisadiyyatına malik dövlətinə çevrilib: “Müasir infrastruktur, enerji layihələri, nəqliyyat dəhlizləri, sənaye zonaları və rəqəmsal inkişaf proqramları ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi də Prezident İlham Əliyevin siyasətinin mühüm nəticələrindəndir. Bu gün ölkəmiz Cənubi Qafqazın aparıcı dövləti kimi regional proseslərə ciddi təsir göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, multikulturalizm və beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycan mühüm təşəbbüslərlə çıxış edir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycanın geostrateji rolu daha da güclənir. Lakin Prezident İlham Əliyevin fəaliyyətinin ən böyük tarixi nailiyyəti şübhəsiz ki, Vətən müharibəsində qazanılan Zəfərdir. Onilliklər ərzində həllini gözləyən Qarabağ problemi Azərbaycanın siyasi, diplomatik və hərbi gücü nəticəsində öz həllini tapdı. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində ərazi bütövlüyü bərpa olundu, sonrakı mərhələdə isə ölkənin suverenliyi tam təmin edildi. Bu hadisə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi tarixini dəyişdirdi”.
“Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin rəmzinə çevrilib. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir yaşayış məntəqələrinin yaradılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı dövlət siyasətinin ən mühüm prioritetlərindəndir. Dünyanın bir çox bölgələrində münaqişələrin və təhlükəsizlik risklərinin artdığı bir vaxtda Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət kəsb edir. Dövlətin güclü təhlükəsizlik siyasəti və milli həmrəylik mühiti ölkəmizi regionun ən sabit dövlətlərindən birinə çevirib. Bu sabitlik həm iqtisadi inkişafın, həm də sosial rifahın əsas təminatıdır. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevə olan yüksək ictimai etimad konkret nəticələrə, tarixi nailiyyətlərə və milli maraqlara əsaslanan siyasətə söykənir. Bu etimadın arxasında müstəqilliyini möhkəmləndirmiş, ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq nüfuzunu artırmış və gələcəyinə inamla baxan Azərbaycan dayanır. Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrlərindən birini yaşayırsa, bunun əsasında Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və xalqın öz liderinə olan sarsılmaz etimadı dayanır. Məhz bu birlik Azərbaycanın gələcək uğurlarının da ən etibarlı təminatıdır”, – deyə A.Novruzov əlavə edib.
