ABŞ prezidenti Donald Trampın administrasiyası NATO-nun daha da genişlənmə ehtimalı olmadan qapalı alyansa çevrilməsi ilə bağlı müzakirələrə başlamalıdır. Bu fikir “Foreign Affairs ” jurnalında dərc olunan məqalədə deyilir.
Nəşrin qeyd etdiyi kimi, ABŞ alyansın açıq qapılar siyasətinə yenidən baxmalı, onu yeni üzvlərə bağlamalıdır. Məqalə müəllifləri həmçinin hesab edirlər ki, Birləşmiş Ştatlar Almaniya, Polşa və Rumıniyadan əsas quru və hava qüvvələri bölmələrini çıxarmaq da daxil olmaqla, Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirməlidir. Ekspertlər hesab edirlər ki, bu qüvvələrin əksəriyyətinin çıxarılması Vaşinqtona gələcəkdə ABŞ-ın Avropa münaqişələrində potensial iştirakını məhdudlaşdırmağı asanlaşdıracaq.
Hərbi əməkdaşlığa alternativ olaraq, onlar süni intellekt, əczaçılıq və mühüm faydalı qazıntıların hasilatı daxil olmaqla, texnoloji və iqtisadi əməkdaşlığa əsaslanan yeni transatlantik münasibətlər sisteminin yaradılmasını təklif edirlər.
