Son dövrlər Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq müstəvidə uğurla gerçəkləşdirilən praqmatik, prinsipial və müstəqil xarici siyasət kursu dövlətimizin nüfuzunu davamlı olaraq artırır və dünyanın əksər ölkələri ilə istər ikitərəfli, istərsə də çoxtərəfli formatda qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulan əlaqələr öz bəhrəsini verməkdədir. Bu nailiyyətlər sırasında 2025-ci ildə Azərbaycan-ABŞ münasibətlərində əldə olunmuş tarixi uğur xüsusilə qeyd edilməlidir. Keçən ilin avqustunda Vaşinqton səfərinin nəticəsi olaraq Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymaqla, enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt, texnoloji infrastruktur və təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına geniş imkanlar açdı. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qrupunun təsis edilməsinə dair müvafiq sənədin imzalanması, 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasət kursunun təntənəsi olaraq qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.
O bildirib ki, Vaşinqton səfərini Azərbaycan-ABŞ münasibətlərinin bir sıra vacib istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ən uğurlu səfərlərdən hesab etmək olar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilməsini, müstəqil, balanslı və prinsipial xarici siyasət kursu yürütməsini nəzərə alsaq, ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlmiş siyasətində ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artacağı ehtimalı yüksəkdir. Azərbaycanın ABŞ üçün enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətinin artması, beynəlxalq güc mərkəzlərinin rəsmi Bakıya marağını daha da artıracaq. Bu xüsusda, Vaşinqtonun Bakı ilə əlaqələri gücləndirməsi, Cənubi Qafqazda sülh təşəbbüsünü dəstəkləməsi və postmünaqişə mərhələsində iqtisadi inteqrasiyanın təşviqi mühüm məqamlardandır.
“Fevral ayının 10-da ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfərinin həyata keçirilməsi isə 8 avqust Vaşinqton görüşünün və həmin görüş zamanı əldə olunmuş razılaşmaların məntiqi nəticəsidir. Vensin səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyası imzalanması ikitərəfli münasibətlər tarixinin ən mühüm hadisəsidir. Beləliklə iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyur”, – deyə Z.Şükürov vurğulayıb.
Ağ Evdə paraflanmış sülh sazişindən sonra regionda faktiki sülh mərhələsinin başladığını deyən deputat diqqətə çatdırıb ki, Azərbaycan tərəfindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması və neft məhsullarının təchizatına başlanılması sülhün iqtisadi əsaslarının formalaşdırıldığını göstərir. Bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək, Asiya ilə Avropa arasında etibarlı multimodal daşımalar sisteminin qurulmasını nəzərdə tutan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır.
“Regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit, iqtisadi sərmayələr, həmçinin süni intellekt (AI) və rəqəmsal infrastruktur, təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinin ehtiva olunduğu Xartiya iki dövlət arasında münasibətlərin dərinləşdirilməsi üçün son dərəcə mühüm strateji sənəddir”, – deyən Z.Şükürov qeyd edib ki, ölkəmizin uğurlu enerji strategiyası beynəlxalq iqtisadi əməkdaşlıq müstəvisində əsas dayaqlarından biri olaraq qalır. Azərbaycan hazırda öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir və onların 11-i NATO üzvüdür. Bu fakt Azərbaycanın transatlantik enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. İnterkonnektor layihələri, təchizat marşrutlarının şaxələndirilməsi və mülki nüvə əməkdaşlığı perspektivləri enerji əməkdaşlığını yeni mərhələyə keçirir.
“Strateji tərəfdaşlıq sənədində kritik mineralların tranziti, rəqəmsal bağlantılar və data infrastrukturu da ön plana çıxır. Qlobal enerji keçidi dövründə nadir torpaq elementlərinin və digər strateji resursların təhlükəsiz daşınması Azərbaycanın geoiqtisadi rolunu daha da gücləndirə bilər. Süni intellekt və yüksək texnologiyalar sahəsində əməkdaşlıq isə tərəfdaşlığın innovativ istiqamətidir. AI mərkəzlərinin yaradılması, birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahələrində sektorəsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin hazırlanması ilə bağlı araşdırmalara başlanılması Azərbaycanın regional rəqəmsal qovşağa çevrilməsi strategiyası ilə uzlaşır. Həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq da genişlənir”, – deyə o bildirib.
Deputat, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlığı Cənubi Qafqazda yeni təhlükəsizlik və iqtisadi nizamın formalaşmasına töhfə verə bilər. Sülhün iqtisadi və texnoloji əsaslarla möhkəmləndirilməsi regionun uzunmüddətli sabitliyini təmin edə biləcək əsas amildir. Azərbaycan və ABŞ liderlərinin praqmatik və prinsipial mövqe sərgiləməsi münasibətlərin gələcək inkişafında mühüm rol oynaya bilər. Məhz bu kimi amillər Azərbaycan-ABŞ əlaqələrinin qarşıdan gələn illərdə yüksələn xətlə inkişaf edəcəyini deməyə əsas verir. Azərbaycan və ABŞ arasında aparılan səmərəli müzakirələr qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı və iştirakçısı olan ölkəmizə siyasi və iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin regional liderliyini və beynəlxalq nüfuzunu, regional təhlükəsizlik arxitekturasında rolunu, diplomatik manevr imkanlarını daha da artıracaq, Qərb diplomatiyası istiqamətində mövqeyini daha da gücləndirəcək.
