Berlinin mərkəzindəki Tiergarten parkı yaxınlığında avtomobilin bir qrup insanın üzərinə çırpılmasından sonra Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt “təhdid yaradan şəxslər” üçün elektron bilərziklərdən istifadəyə və potensial terrorçuların profilaktik saxlanması üçün vahid qaydaların tətbiqinə çağırdı.
Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri təhlükəsizliyin təmin edilməsi üçün üç istiqamətli tədbirlər paketi təklif etdi. Birincisi, o, yetkinlik yaşına çatmayanların cinayət qanunvericiliyində islahatların aparılmasını müdafiə etdi. Dobrindt Bild qəzetinə verdiyi açıqlamada bildirib ki, “Yetkinlik yaşına çatmayanların cinayət qanunvericiliyinin təhlükə yaradan yetkinlərə tətbiqi qəbuledilməzdir”. O, islahatı qaçılmaz adlandırıb.
İkincisi, nazir “təhdid yaradan şəxslər” üçün elektron bilərziklərin daha aktiv istifadəsini müdafiə etdi. “Elektron bilərziklə hərəkət azadlığının məhdudlaşdırılması potensial təhlükəli şəxslər üçün standart tədbirə çevrilməlidir”, – deyə o vurğuladı. Eyni zamanda, Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri təhlükə yaradan şəxslər üçün profilaktik həbs üçün vahid, ölkə miqyasında qaydaların tətbiqini müdafiə etdi. Dobrindt yekun olaraq dedi: “Təhdid yaradan şəxsləri cəmiyyətdən təcrid etmək üçün Almaniyada praktik olaraq tətbiq olunan profilaktik həbs qaydalarına ehtiyac var”. (Tass)
