Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Azərbaycan dilində köməkçi və xüsusi nitq hissələrinin diaxronik-dialektoloji tədqiqi” adlı kitabı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulan bu kitabda Azərbaycan dilində köməkçi və xüsusi nitq hissələri morfem səviyyəsində diaxronik-dialektoloji baxımdan tədqiq edilib. Kitab giriş, iki hissə, sual-tapşırıqlar və əlavələri əhatə edir. Dərs vəsaitinin giriş hissəsində tarixi qrammatika və tarixi dialektologiya sahəsində aparılan araşdırmalara nəzər salınır. Bu zaman kənarda qalan məsələlərin aktuallığı əsaslandırılır. Əsas hissədə Azərbaycan dilində köməkçi və xüsusi nitq hissələrinin tarixi-dialektoloji tədqiqatı morfem səviyyəsində araşdırmaya cəlb olunur. Xüsusi nitq hissələri sırasında nida və yamsılamaların morfonoloji izahı və diaxronik-dialektoloji aspektləri geniş şəkildə verilir. Kitab, həmçinin magistrantlar və doktorantlar üçün faydalı ola bilər.
