Azərbaycan dünyanı Bakıya toplayan COP29 tədbirinin ardınca müasir şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. May ayında keçiriləcək bu tədbirə hazırlıq prosesi bu gün dünyanın diqqətindədir. Ümumiyyətlə, indiyədək ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin hər biri yüksək təşkilatçılığı, uğurlu nəticələri ilə diqqətdə olub. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun da yüksək səviyyədə təşkil ediləcəyinə və qonaqlar tərəfindən məmnunluq hissi ilə qarşılanacağına əminik. Bu reallıq da hər zaman qeyd edilir ki, keçirilən tədbirlər müzakirə edilən mövzu ilə yanaşı, məkan baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın hər zaman tədbirlərdə daha çox diqqət yönəldilən tərəf olduğu diqqətdən kənar qalmır. Bu, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olmasından, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən siyasətindən irəli gəlir. Dünyanın ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı ölkənin qlobal miqyasda nüfuzunun möhkəmlənməsi və yeni əməkdaşlıq platformalarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Sözügedən Forum qlobal şəhər idarəçiliyi, infrastruktur və dayanıqlı şəhər strategiyalarının müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Tədbir Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayacaq. Nəzərə alsaq ki, bu gün Azərbaycan tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı reallıqlar fonunda sülh təcrübəsini dünyaya təqdim edir, bu halda belə bir tədbirin regionda dayanıqlı sülhün, təhlükəsizliyin möhkəmlənməsinə verəcəyi töhfələr inkaredilməzdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir. Azərbaycanın müasir şəhərsalma təcrübəsi Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Milli Şəhərsalma forumlarında təqdim edildi. Dövlətimizin başçısı İlham Əliyevin Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir. O da qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün əlverişli yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.
WUF13-ə gedən yolda mühüm mərhələlər
“Şübhəsiz ki, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən WUF13-ün yüksək səviyyədə təşkili Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcək. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda mühüm mərhələlərdir. Bu tədbirlərdə aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin özəlliyi bundan ibarətdir ki, bəzən məkan paytaxt Bakı olsa da iştirakçıların azad edilmiş ərazilərə səfərləri təşkil edilir, yaxud tədbirlərin panel iclaslarından biri bu torpaqlarda təşkil edilir. Bu kimi addımlar Azərbaycan reallıqlarının təbliği üçün mühüm vasitədir. Tədbir iştirakçıları 30 illik işğal dövrünün dağıntılarının müasir şəhərsalma ilə əvəzlənməsinin şahidinə çevrilirlər”, – deyə V.Rəhimzadə vurğulayıb.
Milli Məclisin deputatı bildirib ki, keçirilən hər bir beynəlxalq tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasında da əhəmiyyətli rol oynayır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək panel müzakirələri, ikitərəfli görüşlər və əməkdaşlıq platformaları vasitəsilə müxtəlif ölkələr arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması mümkün olacaq. Azərbaycan əməkdaşlıq məkanı olduğunu növbəti dəfə təsdiqləyəcək. Başqa sözlə Forum sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarının həyata keçirilməsinə öz töhfəsini verəcək. Müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətində olan Azərbaycan üçün tarixi Zəfərimizə gedən yolun, həmçinin ölkəmizin sülh təcrübəsinin təqdimatı üçün imkanlar yaranır. WUF13 kimi böyük əhəmiyyətə malik olan Forumun paytaxt Bakıda təşkili Azərbaycanın beynəlxalq platformalarda fəal iştirak edən və qlobal problemlərin həllinə töhfə verən tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək.
